az | ru | en
  Xalq çalğı alətləri daimi sərgisi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olaraq fəaliyyət göstərən xalq çalğı alətləri daimi sərgisi 1987-ci ildən fəaliyyət göstərir. Ekspozisiyanın başlıca məqsədi-məişət ifaçılığı təcrübəsi, musiqi yaradıcılığı, eləcə də milli mədəniyyətin ümumi tarixi inkişafı prosesi ilə bağlı olan Azərbaycan instrumental mədəniyyətinin yaranması və onun qədim zamanlardan indiyə qədər inkişaf tarixini əks etdirməkdir.

Ekspozisiya giriş hissədən və 2 otaqdan ibarətdir.

Ekspozisiyanın I otaqında arxeolojı qazıntılar zamanı aşkar edilmiş əşyalar üzərində olan təsvirlərdə, XIII-XIV əsrlərdə yaşamış azərbaycanlı alimlərin musqi haqqında traktatlarında, ədəbiyyat və memarlıq abidələrində, orta əsr rəssamlarının miniatürlərində öz əksini tapan musiqi alətlərinin tarixi inkişafı əks etdirilib. Burada nadir qədim musiqi alətlərinin replikaları və müasir musiqi alətləri nümayiş olunmaqdadır. Ekspozisiyanın sonrakı bölməsində Azərbaycan milli alətlərinin görkəmli ifaçıları iştirak etmiş ilk xalq çalğı alətləri ansamblı və orkestrlərinin inkişaf yolu göstərilmişdir.

Ekspozisiyanın II otağı Azərbaycanın xalq artisti, pedaqoq və tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığına həsr olunub. Eyni zamanda burada ustadın bütün həyatı boyu topladığı Azərbaycan milli musiqi alətləri kolleksiyası da nümayiş etdirilir.

Digər bölmədə Azərbaycan instrumental ifaçılıq məktəbinin inkişaf tarixi öz yerini tapmışdır.
Sərqinin rəhbəri Təranə Qiyam qızı Zeynalovadır.

Ünvan: Bakı şəh., Zərqərpalan 119. Tel: (994 12) 494 60 62
hər gün saat 10: 00 - 18: 00


  Niyazinin Mənzil-Muzeyi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından ən böyük ekspozisiya sahəsinə və eksponatların sayına malik olanı SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin mənzil muzeyidir. Onun təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. Geniş tamaşaçı kütləsi üçün muzey 1994-cü il sentyabrın 18-də qapılarını açmışdır. Hal-hazırda muzeyin mudiri Bayramov Rza Rafiq oğludur.

Maestro Niyazi (20.08.1912- 02. 08.1984) bu mənzildə (Bülbül pr. 21, mən. 24) 1958-ci ildən ömrünün sonunadək yaşayıb–yaratmışdır. Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır. Digər 2 otaq – ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən foto–şəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.

Niyazi muzeyində hal-hazırda:
- 120 ədəd Niyazinin not əlyazmaları;
- 2746 ədəd foto-şəkillər;
- 486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitab və notlar;
- 279 ədəd qramvallar;
- 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanmaqdadır.

Bunlardan 1500-ə yaxın material Niyazinin mənzil muzeyində nümayiş olunur.

Bu mənzildə mütəmadi olaraq Niyazinin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər-xatirə gecələri, konfranslar və konsertlər təşkil olunur. Bundan əlavə respublikamızın musiqi həyatında baş vermiş əlamətdar hadisələrə həsr olunmuş müxtəlif tədbirlər də burada keçirilir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Niyaziyə aid 6200-dən artıq materiallar saxlanılır.

Ünvan: Bakı şəh., Bülbül prospekti, 21. Tel.: (994 12) 493 18 36
hər gün saat 10: 00 - 18: 00

Niyazinin Mənzil-Muzeyinin inciləri


  Vaqif Mustafazadənin mənzil muzeyi
28 iyul 1989-cu ildə Vaqif Mustafazadənin xatirə muzeyi yaradılmışdır. 1994-cü ildə muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu almışdır. 1989-1997 illər ərzində V. Mustafazadə muzeyinin müdiri onun anası Zivər Ağasəf qızı Əliyeva olmuşdur. Muzeydə 1214 eksponat qorunub saxlanılır. Bunlar V. Mustafazadəyə aid fotoşəkillər, afişalar, qramvallar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. Mənzil muzeyi 3 otaqdan ibarətdir. Ekspozisiyada V.Mustafazadənin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olumnuşdur. Hal-hazırda muzeyin müdiri V. Mustafazadənin dayısı qızı Afaq Ağa Rəhim qızı Əliyevadır. Afaq Əliyeva eyni zamanda V. Mustafazadə adına mədəniyyət-xeyriyyə fondunun təşkilatçısı və rəhbəridir.

Ünvan: Bakı, İçəri Şəhər, V.Mustafazadə döngəsi, 4. Tel. : (994 12) 492 17 92
hər gün saat 10: 00 - 18: 00


  Qədim Musiqi Alətləri Ansamblı
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sərəncamı ilə 1996-cı ildən etibarən muzeyin nəzdində «Qədim Musiqi Alətləri Ansamblı» fəaliyyət göstərir. Ansambl 14 nəfər musiqiçini özündə birləşdirir. Onun bәnzәrsiz cәhәti ondadır ki, musiqiçilәr orta әsrlәrdә istifadә olunmus, sonradan tәdricәn unudulmus vә muzeyin әmәkdaşı, ansamblın bәdii rәhbәri M.Kәrimov tәrәfindәn bәrpa olunmus musiqi alәtlәrindә XIV әsr musiqisini, hәmcinin Azәrbaycan xalq mahnılarını ifa edirlәr.

Böyük sәy vә ustalıqla ilk dəfə olaraq bərpa edilmiş çәng, bәrbәt, rud, çәqanә, sәntur, setar, Şirvan tәnburu, rubab, qopuz kimi musiqi alәtlәrini Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin ekspozisiyasında görmәk və onların ifasını ansamblın məşqlərində, konsertlərində dinləmək mümkündür.

Qədim Musiqi Alətləri Ansamblı Azərbaycanı uğurla beynəlxalq səviyyədə təqdim edir. Ansambl 2002-ci ildə Fransada və UNESCO-nun Paris iqamətgahında keçirilmiş Voix et Rout Romane Beynəlxalq Festivalında çıxış etmişdir. Almatada (2003), Düşənbədə (2005) keçirilmiş “Ürəyin səsləri” festivalında və İstanbulda İslam ölkələri mədəniyyəti həftəsi çərçivəsində təşkil olunmuş mədəni programda çıxış edən ansamblın yüksək ifaçılıq səviyyəsi ən ali mükafat və qiymətli hədiyyələrlə qeyd edilmişdir.

Ansambl 10-13 dekabr 2006-cı ildə Küveytdə 13-cü Əl-Qureyn Mədəniyyət Festivalında iştrak etmişdir

Kərimov Məcnun Təbriz oğlu - Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının rəhbəri, respublikanın əməkdar artisti (2006) Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının müdiri, Bakı Musiqi Akademiyasının professorudur. O, Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasının tar sinifini bitirib. 1995-ci ildə «Azərbaycan qədim simli çalğı alətləri (tarixi, nəzəri bərpa və təkmilləşdirmə məsələləri)» mövzusunda namizədlik dissertasiyacını müdafiə etmişdir.

M.Kərimov orta əsrlərdə Azərbaycanda mövcud olmuş, lakin sonralar tamamilə unudulmuş bir sıra qədim musiqi alətini bərpa edərək yenidən həyata qaytarmışdır.



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.