3 oktyabr 2012 
Moskvada E.F.Qnesinanın ev muzeyində Niyazinin 100 illiyinə həsr edilmiş sərgi 
 
  
        3 oktyabr  2012-ci il tarixində  Rusiya Musiqi Akademiyasının nəzdində  Y.F. Qnesinanın Memorial Mənzil Muzeyində Niyazinin 100 illiyinə həsr olunmuş sərginin açılışı olmuşdur. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın Dövlət Mükafatları və  C.Nehru  adına  mükafat laureatı  dirijor və Azərbaycan musiqisinin  klassiklərindən biri - Niyazi 1926-1929-cu illərdə Moskvada Qnesinlər adına Musiqi Pedaqoji Texnikumunda təhsil almışdır. Bununla əlaqədar sərgi Rusiya Musiqi Akademiyasının nəzdində Y.F.Qnesinanın Memorial Mənzil Muzeyində keçirilmişdir. Sərgidə Niyazinin şəxsi sənədləri, konsert və tamaşaların afişaları və proqramları, müəllif not əlyazmaları - partituralar, not nəşrləri, fotoşəkillər, Niyazinin Bakıdakı Mənzil Muzeyinin fotoşəkilləri  və  sairə nümayiş  etdirilmişdir.   
     Sərginin bütün eksponatlarını Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan  Musiqi Mədəniyyəti Dövlət Muzeyi  təqdim etmişdir.             
         Sərginin təşəbbüskarı  kimi  açılışda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq namizədi Alla Bayramova  çıxış etmişdir. 
          Sərginin açılışına həsr olunmuş konsertdə Niyazi, Qara Qarayev, Fikrət Əmirovun əsərləri Azərbaycan Respublikası Prezidentinin təqaüdçüləri, Beynəlxalq müsabiqələr laureatları - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində Mərkəzi Musiqi məktəbinin şagirdi, pianoçu Nazxanım Dadaşova və P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsi, skripkaçı Anar Seyidovun ifasında təqdim olunmuşdur . 
 
 
 
 Tədbirlər
 |