az | ru | en

13-15 iyun 2013
“Azərbaycan – Rusiya. Musiqi paralelləri” sərgisi


Sərgidə Musiqi Muzeyləri və Koleksiyaları Assosiasiyasının üzvləri olan yeddi muzey öz eksponatları ilə iştirak eymişdir. Bunlar M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi, Böyük Teatr Muzeyi, Y.F.Qnesina Muzeyi, A.Skryabin Muzeyi, Sankt-Peterburq Teatr və Musiqi İncəsənəti Muzeyi və Belarusiyadan bir muzey – Belarus Respublikasının Teatr və Musiqi Muzeyidir.
Sərgidə nümayiş olunan eksponatlar arasında – Anton Eyxenvald tərəfindən 1914-cü ildə nota köçürülmüş Azərbaycan xalq təranələrini, 1916-cı ildə Mariinski Teatrının balet artistləri Mixail və Vera Fokinlərin Bakıdakı cıxışlarının proqramını, Bakıda Pus İmperator Musiqi cəmiyyətinin fəaliyyəti haqqında sənədləri, dirijorlar Pavlov-Arbeninin, Çernyaxovskinin, Anosovun, bəstəkar Qlierin, 1924-cü ildə Bakıda çixiş edən müğənni Sobinovun, müğənnilər Nejdanovanın, Barsovanın, Barinovanın, pianoçu Rixterin və bir çoxlarının Bakıdakı qastrol səfərləri və fəaliyyətləri haqqında sənədləri göstərmək olar. Burada Mariinski Teatrının solisti müğənni Tartakovun fotosuna rast gəlmək olar. O şəxsən özü Bakıda olmasa da, oğlu Petroqrad konservatoriyasında Anna Nikolayevna Yesipovanın sinfinin (Sergey Prokofyev də onun tələbəsi olmuşdur) məzunu olan Georgiy Georgiyeviç Şaroyev Bakıya köçmüş və ömrünün sonunadək burada yaşamışdır. O, Azərbaycanda musiqi təhsilinin yaradıcılarından biri, Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuş və 1935-ci ildə bu gün onun adını daşıyan (35 ¹-li musiqi məktəbi) hərbçilərin uşaqları üçün musiqi məktəbini yaratmışdır. Eksponatlar arasında skripka çalan David Oystraxın XX əsrin 40-cı illərində görkəmli Azərbaycan balerinası Qəmər Almaszadəyə məhəbbət və incəliklə dolu yazdığı məktublar xüsusi maraq doğurur.
Sərgidə Leonid Koqanın həyat yoldaşı Yelizaveta Qilelsin gündəliyindən səhifələr (bu sənədlər onların qızları Nina Koqan tərəfindən bizim muzeyə hədiyyə edilmişdir) nümayiş olunur. Məlum olduğu kimi, Koqan Qara Qarayevin skripka üçün konsertinin ilk ifaçısı olmuşdur və gündəliyin səhifələrində onun müəlliflə birgə necə məşq etdiyi qeydləri vardır.
Bu yaxınlarda Moskvada bəstəkar Tixon Xrennikovun 100 illiyi qeyd olunmuşdur. Sərgimizdə isə muzeyimizin fondlarından olan Xrennikovun Bakıya səfərini əks etdirən foto vardır. Bu fotoşəkildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ailə üzvləri – həyat yoldaşı Zərifə xanım və oğlu İlham Əliyevlə, həmçinin Niyazi, onun həyat yoldaşı Həcər xanım, Xrennikov, müsiqişünas Janna Dozortseva və başqaları əks olunmuşdur.
Rusiya muzeyləri tamaşaçıları eksponatların çoxluğu ilə maraqlandırmışdır. Bunların arasında Azərbaycan musiqi mədəniyyəti üçün önəmli olan Ü.Hacıbəyovun “Koroğlu” operası üçün yazdığı uvertüranın əlyazmasının ilk səhifəsinin surətini göstərmək olar. Bu əlyazmanın əsli Qlinka adına Muzeydə saxlanılır. Həmin muzeydən İzzət Seyidov, Eyyub Fətəliyev, Mikayıl Abdullayev kimi Azərbaycan rəssamlarının külli miqdarda teatr eskizlərı təqdim olunmuşdur. Bu yaxınlarda görkəmli rəssamımız Toğrul Nərimanbəyov həyatını dəyişdi. Göndərilən materiallar sayəsində bizə məlum oldu ki, Nərimanbəyovun işi olan Fikrət Əmirovun portreti, onun F.Əmirovun “Min bir gecə” baleti üçün və F.Qarayevin “Qobustan kölgələri” baletinə çəkdiyi eskizlərin əsli həmin muzeydə saxlanılır. Bundan əlavə, Tretyakov qalereyasından Tahir Salahovun çəkdiyi Dmitriy Şostakoviçin portreti hamıya məlumdur. İndi isə Qlinka adına Muzeydə saxlanılan T.Salahovun çox gözəl qrafik əsəri, Şostakoviçin hətta tam dolğun portreti bizə məlum oldu. Böyük Teatr Muzeyindən Böyük Teatrda görkəmli sovet balet artistlərinin (İrina Kolpakova, Maris Liyepa, Nataliya Bessmertnova və b.) iştirakı ilə tamaşaya qoyulmuş “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi” baletlərindən səhnələrin çoxlu fotoşəkilləri göndərilmişdir.





geri



UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.