az | ru | en


17 aprel 2024


ZÜLFÜQAR HACIBƏYOV - 140
(17.04.1884 - 30.09.1950)


Bu gün 17 aprel görkəmli Azərbaycan bəstəkarı, musiqili teatrımızın banilərindən biri, Əməkdar İncəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun anadan olmasının 140 ili tamam olur.
Bununla əlaqədar səhər saatlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bəstəkarlar İttifaqının nümayəndələri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin Mənzil Muzeyinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Zülfüqar Hacıbəyovun və onun oğlu görkəmli dirijor və bəstəkar Maestro Niyazinin xatirəsini yad edib, məzarları üzərinə gül dəstləri qoyublar.
Milli musiqi teatrımızın görkəmli nümayəndələrindən biri olan Zülfüqar Hacıbəyovun Azərbaycanda musiqili teatrın yaranmasında çox mühüm rolu olmuşdur. Zülfüqar Hacıbəyov milli folklor zəminində ilk professional musiqi formalarının yaranmasında mühüm rol oynamışdır. "Əlli yaşında cavan" (1910), "On bir yaşlı arvad, və ya Varlı" (1911), "Evliykən subay" (1912) musiqili komediyaları, "Aşıq Qərib" muğam operası (1916) onun qələminin məhsuludur.
Bundan əlavə o, "Üç aşiq və ya Məlikməmməd" (1917) operasının, "Kənd qızı", "Çoban qiz", "Əsgər nəğməsi" və başqa mahnıların müəllifidir. Zülfüqar bəy simfonik musiqi sahəsində də gücünü sınamışdır. 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı pyes bəstələmiş, oğlu Niyazi ilə birlikdə 1935-ci ildə C.Cabbarlının pyesi əsasında çəkilmiş ilk səsli Azərbaycan filmi "Almaz" kinofilminə musiqi yazmışdır.
Zülfüqar Hacıbəyovun əsərlərinin əhəmiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndirmişdir.
Zülfüqar Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidməti yüksək qiymətləndirilmişdir. Ona incəsənət sahəsində səmərəli və məhsuldar fəaliyyətinə görə 1943-cü ildə Azərbaycanın Əməkdar incəsənər xadimi fəxri adı, 1946-cı ildə "Şərəf nişanı" ordeni verilmişdir.








Ümumi xəbərlər
Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.