az | ru | en

13 iyul 2022

"NİYAZİ 110"


SSRİ XALQ ARTİSTİ MÜSLÜM MAQOMAYEVİN NİYAZİ HAQQINDA XATİRƏLƏRİNİ İLK DƏFƏ AZƏRBAYCAN DİLİNDƏ TƏQDİM EDİRİK
MAESTRO NİYAZİNİN QEYRİ-ADİ TƏBƏSSÜMÜ
Bütün insanlar öz uşaqlıq evlərini məhəbbətlə xatırlayırlar. Mən də Xəqani küçəsindəki köhnə evimizi xatırlayıram. Bakılılar onu ehtiramla artistlər evi adlandırırdılar: axı bura Maqomayevin, Bülbülün, Ordubadinin, Rzayevanın, Sadıxovun ailələri yaşayan, bir sözlə Azərbaycan məşhurlarının əsl məkanı idi.
Ölkəmizin görkəmli bəstəkar və dirijoru Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov da bizim binada yaşayırdı.
O, həm də mənim əmim sayılırdı və mən bununla çox fəxr edirdim. O, mənə qarşı çox mehriban idi, həmişə mənim fortepiano sinfindəki uğurlarımla maraqlanırdı. Mehribancasına gülümsəyərək Səninlə səhnədə nə zaman ifa edəcəyik?- deyə soruşardı. Mən başımı aşağı salıb susurdum, axı ona nə cavab verərdim? Çox gözəl başa düşürdüm ki, səbirsizliyim səbəbindən mən məşhur Niyazi ilə çıxış etmək səviyyəsində pianoçu ola bilmərəm. Ancaq gizlicə ümid edirdim ki, gələcəkdə bəlkə bəstəkar və dirijor ola bilərəm. Həyətdə uşaqlarla müharibə oyunlarından sonra evə gəlib otağıma çəkilər, stullardan dirijor pultu quraşdırıb özümü orkestr qarşısında təsəvvür edərdim.
Məlumdur ki, Niyazi öncə Azərbaycan musiqi mədəniyyətinə gözəl bəstəkar kimi daxil olmuşdur, bəlkə də o zaman heç ağlına da gəlmirdi ki, bir zaman görkəmli sovet dirijoru olacaq.
Onun babama dərin hörməti vardı, həmişə deyərdi ki, bəstəkar Niyazinin ikinci peşə kimi dirijorluğa yiyələnməsində məhz onu örnək götürməsi kömək olmuşdu. Niyazi Zülfüqar oğlu ilk dəfə 1938-ci ildə dirijor pultu arxasına keçmişdi. Xüsusilə isə bu simvolik faktdır ki o, Moskvada keçirilən I Azərbaycan İncəsənəti Ongünlüyündə Müslüm Maqomayevin Nərgiz operasına dirijorluq etmişdir. Müəllifin vəfatından sonra o, Qliyerlə birlikdə bu operanın yeni redaksiyasını işləmiş və paytaxtda ifa olunması üçün hazırlamışdılar. Belə hallar musiqi tarixində tək-tək deyil və hər dəfəsində musiqiçilərin ən yaxşı insani keyfiyyətlərini: Mehribanlıq, Yoldaşlıq və Yüksək Alicənablığını nümayiş etdirir.
Nərgizin uğuru dekadadan sonra da davam etdi. Niyazi ilk dəfə dövlət mükafatı - Şərəf Nişanı ordeni ilə təltif olunur.
O zamandan Niyazinin dirijorluq şöhrəti sürətlə yüksəlməyə başlayır. Yerli və xarici mətbuatda onun istedadı haqqında yazılar dərc olunur, onu xaricdə Azərbaycan və dünya klassiklərinin opera tamaşalarına quruluş vermək üçün dəvət edirlər, Sovet İttifaqında çoxsaylı qastrol səfərlərində iştirak edir. Dünyanın nəhəng musiqiçiləri maestro ilə ifa etmək və ya oxumağı özlərinə şərəf bilirlər.
1958-ci ildir - Niyazi əmi məşhur musiqiçidir, mən isə hələ də qamçı altında qamma və kanonları ifa edərək, nə vaxtsa səhnədə görüşəcəyimizdən daha çox ümidimi kəsirdim. Bu zaman təbiət mənə səs bəxş etdi! Mənim Niyazi əmi ilə səhnədə çalmaqla olmasa da, oxumaqla çıxış etmək şansım yarandı. İlk dəfə divar qonşumuz olan məşhur müğənni Bülbül səsimi eşidib məni evlərinə dəvət etdi və italyan musiqisindən bir şey ifa etməyimi xahiş etdi. Səsimi dinləyəndən sonra dedi ki, mənim istedadım var və mən onu qorumalıyam. Mən göyün yeddinci qatında idim. Səsimi qorumaq əvəzinə dərhal opera teatrının direktoru və bədii-rəhbəri olan Niyazi əminin yanına qaçdım. Maestro məni diqqətlə dinlədikdən sonra mehriban təbəssümlə: Get, təhsilinə davam et, on beş yaşlı yeniyetmənin operada işi yoxdur- deməsi ilə təsəvvür edin qanım necə qaralmışdı. Mən nə olursa olsun səhnədə oxumağı və sinif yoldaşlarımdan daha artıq tamaşaçı toplamağı istəyirdim. Təxminən bir ildən sonra oxuduğum musiqi məktəbi möcüzə uşağı ilə öyünmək üçün mənim Bakıda təşkil olunmuş dövlət konsertində çıxış etməyimi tövsiyyə etdi. Belə konsertlərdə iştirak etmək nüfuzlu sayılırdı, mən yenidən həvəsləndim, şöhrət qazanmaq şansım yaranmışdı. Amma burada da mənim sevimli Niyazi əmim üzərimə soyuq su səpdi. O, konsertin bədii rəhbəri idi və iştirakçılar siyahısında mənim soyadımı görəndə dərhal üzərindən yağlı qələmlə xətt çəkir.
O zaman gənc oğlan idim və anlamaq çətin idi ki, bunların hamısı mənim yaxşılığım üçündür, erkən şöhrət yenicə sənətə gəlmiş artistə ancaq xələl gətirər, çünki təhsil almadan böyük müğənni olmaq olmaz. Ancaq mən də tərs idim və təslim olmaq istəmirdim. Maestrodan və valideyinlərimdən gizli (onlar da Niyazi əmi ilə tam razı idilər) evimizlə üzbəüz yerləşən Xəzər Donanması Mədəniyyət Evində bədii özfəaliyyət dərnəyinə yazıldım. Nəhayət Niyazi əmi məni tapa bilməyəcək yerlərdə, klublarda, mədəniyyət evlərində, məktəblərdə konsertlərdə oxumaq imkanı qazanmışdım. Və birdən növbəti konsertlərdən birində zalda onu gördüm... İndiyə qədər bilmirəm bu təsadüf idi, ya əmim qardaşoğlunun yaradıcılığı üçün darıxmışdı, ancaq fikirləşdim ki, sonumdur. Təəccüblü idi ki, tufan olmadı. Səhnə arxasında o, saçlarımı qarışdırıb mehribancasına dedi: Yaxşı, bir halda ki, mütləq səhnədə oxumaq istəyirsən, gəl bunu gizli yox, mənim nəzarətim altında elə. Beləliklə maestro məni nəzarəti altına götürdü...
Tezliklə adım Helsinkidə keçiriləcək Gənclərin və Tələbələrin Ümumdünya Festivalının yaradıcı heyətinin tərkibinə salındı. Mən respublikada keçirilən bütün bayram konsertlərində çıxış edirdim, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum. Yeri gəlmişkən, sonralar, buraxılış imtahanında maestro özü mənə rəhbərlik etdiyi orkestrlə birgə çıxış etməyimi təklif etdi. Dirijor Niyazi - Orkestrlə birgə imtahan, bunu heç təsəvvürümə gətirə bilməzdim, Niyazi əmi bir də heç kəsə belə təklifi etməmişdi.
Bir neçə il əvvəl isə mənim ən boyük xəyalım həyata keçmişdi: - Niyazi nəinki mənim Moskvada Qurultaylar Sarayında keçiriləcək Azərbaycan incəsənət ustalarının konsertində çıxış etmək üçün namizəd göstərmiş, hətta özü mənim ifama dirijorluq etmişdi. Təbii, mən çox həyəcan keçirirdim. Pult arxasına keçəndə Niyazi mənim həyəcanımı hiss etdi, mənə tanış olan bənzərsiz, mehriban və ata təbəssümü ilə gülümsədi və onun sehrli dirijor çubuğunun hərəkəti ilə bütün həyəcanımı aradan qaldırdı. Mərkəzi televiziya və Ümumittifaq radiosunda translyasiya olunan bu konsertlərdən sonra mən məşhur oldum. Bizim birgə konsertlərimizin hamısında, nasaz olduğum və ya həddən çox həyəcan keçirməyim anlarda Niyazi əmidən mənə gülümsəməsini xahiş edirdim.
İndi Niyazi Zülfüqar oğlu aramızda yoxdur, bizim bütün qastrollarımızı, televiziyada çəkilişlərimizi, qramvallara yazılarımızı xatırladıqca əminliklə deyə bilərəm ki, mənə heç bir dirijorla oxumaq onunla olduğu qədər rahat, sakit və sevincli deyildi. Heç kim öz temperamenti, musiqi duyğusu, yüksək mədəniyyətini Niyazi qədər aşılaya bilməzdi.
Niyazi hər bir böyük sənətkar kimi sənətdə tamamilə güzəştsiz idi. Belə güzəştsizliyi onu bəzən sərt edirdi, o, sənətdə donuqluğu qəbul etmirdi və həyatı boyu bununla mübarizə aparırdı. Çox musiqiçilər onun sərt xasiyyətindən çəkinirdilər. O, insanlara inanılmaz dərəcədə tez bağlana bilir, səhvlərinə görə isə tez də üz çevirə bilərdi. Bu hallarda da o, tamamilə dürüst idi: ürəyində saxlamayıb sözü üzə deyən adam idi.
Mənə münasibəti çox mülayim və mehriban olub. Nədənsə bu bəzilərində təəccüb yaradırdı. Mənə elə gəlir ki, Niyazi əminin qardaşoğluna başqa cür yanaşmasına bir səbəb yox idi, o, babamın xatirəsini həmişə əziz tutub, atamla dostluq etmişdir. Mənin ona olan böyük hörmətimi və təmənnasız məhəbbətimi hiss etməyə bilməzdi. Ona qarşı həyatda da, səhnədə də həmişə dürüst olmuşam. Evdə onu Niyazi əmi kimi çağırmağıma baxmayaraq, məşqlərdə və ya başqalarının yanında bir dəfə də belə müraciətə yol verməmişəm və bu mənim ona yaxın adam kimi böyük hörmətimin təzahürü idi.
Niyazi heyrətamiz incə yumoru olan adam idi. O, musiqi və ya sadə məişət həyatından çoxlu əhvalatlar bilir və onları çox gözəl danışardı: həmin hadisələri başqalarının dilindən eşidəndə marağım itirdi. O, çox mehriban və diqqətli idi, hər görüşümüzdə məni əziz Həcər xalanın yanına ötürüb mütləq yedizdirərdi. Demək olar ki, Bakıya gələn bütün tanınmış artistlər Niyazinin qonaqpərvər evindən yan keçməzdi. Bu insan heç vaxt yığımcıllıq xəstəliyinə tutulmayıb. Yeganə sərvəti onun istedadı, adı və təltifləri idi. Gözəl və məşhur bəstəkar olan Niyazi heç vaxt şəxsən öz əsərlərini konsert proqramlarına salmazdı. Öz yaradıcılığında çox təvazökar olduğu kimi, bunu öz kiçik həmkarlarından da tələb etməyə haqqı var idi, halbuki bəziləri bu keyfiyyətdən məhrum idi. Hətta mənə, öz qardaşoğluna əsərinin proqramıma salınmasına bir işarə belə etməzdi. Mən isə düşünürdüm ki, bəlkə əsərləri mənim interpretasiyamda xoşuna gəlmir.
Yalnız bu yaxında, mənə əziz olan insanın xatirəsinə hörmət əlaməti olaraq, mən Bakı və Moskva konsertlərimin proqramına onun İslam Səfərlinin sözlərinə yazdığı gözəl Arzu mahnısını daxil etmişəm. P.İ.Çaykovski adına Konsert zalında solo konsertim zamanı bu mahnının ifasından sonra görkəmli dirijor Y.F.Svetlanovun həyat yoldaşı gözəl gül çələngi təqdim etdi. Onlar konsertdə mənim dəvətimlə iştirak edirdilər. Mənə gülü təqdim edərkən o, dedi: Müslüm, bu sizə məndən və Yevgeni Fyodoroviçdən hamımızın sevimlisi Niyazinin xatirəsini yad etdiyiniz üçündür.
Mənim üçün bu ən xoşbəxt an idi. Mən parlaq dirijor, bəstəkar, publisist Yevgeni Fyodoroviçi çox dəyərləndirirəm və indi də ona bərabər birini görmürəm. Ancaq mənim ona hörmətim Niyaziyə olan məhəbbətinə görə birə yüz qat artdı. Bu cür yüksək dərəcəli dirijorlar bir-birinə hörmət edirlərsə, bu hörmət qarşılıqlı və davamlıdırsa bu Dürüstlüyün, Humanizmin və İnsanpərvərliyin böyük təzahürüdür.
Niyazinin adı məşhur incəsənət xadimləri arasında hər zaman dərin hörmətlə yad olunur. Mən Siz, Azərbaycan ifaçıları, çox xoşbəxtsiniz, çünki sizin Niyazi kimi dirijorunuz var ifadələrini həmkarlarımdan dəfələrlə eşitmişəm.
Bəli, biz indi də xoşbəxtik. Xoşbəxtik ki, bizim respublika dünyaya bir çox şöhrətli adlar bəxş etmişdir və bu qızıl siyahıda ilk yerlərdən biri görkəmli bəstəkar və dirijor Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyova məxsusdur.
. , , . : , . , , 1987. . 96-98.
Tərcümə edən: AMMDM-nın şöbə müdiri Xanımbacı Abdinova








Rubrikalara








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.