az | ru | en

1 iyul 2022
NİYAZİ 110


SSRİ XALQ ARTİSTİ LÜTFİYAR İMANOVUN NİYAZİ HAQQINDA XATİRƏLƏRİNİ İLK DƏFƏ OLARAQ AZƏRBAYCAN DİLİNDƏ TƏQDİM EDİRİK.
Maestro Niyazi mənim taleyimdə
40 il bundan əvvəl, təxminən 1945-ci ilin sonunda mən atam, anam və qohumlarımla Bakıya qardaşımın toyuna gəldik. Toy haradasa günorta başladı və orada adəti üzrə hər şey var idi: qonaqlar, musiqiçilər, müğənnilər. Birdən dedilər ki, Niyazi gəlib. Niyazi haqqında çox eşitmişdim, amma heç vaxt onu görməmişdim və mən onu pəhləvan, nəhəng adam kimi təsəvvür edirdim. Onu görəndə gözlərimə inanmadım. Fikirləşdim ki, yəqin bu Niyazi deyil. Təbii ki, mənim gözləntilərim özünü doğrultmadı.
Niyazinin gəlişi ilə toy canlandı, hamı onu yaxından görmək istəyirdi. Niyazi tək deyildi, yanında təxminən 12 yaşlı oğlan və hündür bir kişi var idi. Sonralar mənə məlum oldu ki, bu Soltan Hacıbəyov idi. O da toya dəvət olunmuşdu. Bir qədər sonra Niyazi rəqs etməyə çıxdı. O, elə məharətlə rəqs edirdi ki, mən istər-istəməz fikirləşdim: Ümumiyyətlə bu kimdir? Niyazi - bəstəkar və dirijor, yaxud Niyazi - rəqqas? Onunla birlikdə oğlan uşağı da rəqs edirdi. Birdən rəqsin qızğın çağında Niyazi oğlanı masanın üstünə qaldırıb qoydu və oğlan masa üstündə rəqs etməyə başladı. Baş verənləri təsəvvür etmək çətindir. Niyazi həm rəqs edir, həm oxuyur, həm də ifa edirdi. Bu tamaşa indiyədək mənim gözlərimin önündədir. Mən heç vaxt bu cür mənzərənin şahidi olmamışam. Bu bəstəboy adam öz rəqsi ilə toyda olanlara o qədər təsir etmişdir ki, onlar uzun müddət bu haqda danışırdılar. Niyazi ilə ilk görüşüm yaddaşımda bu cür qaldı. Bir necə il sonra bu qeyri-adi insanla daha yaxından tanış olduqda mən başa düşdüm ki, həmin axşam məndə yaranmış suallar onunla bağlı idi ki, mən onun necə hərtərəfli istedada malik olduğunu bilmirdim.
Əlbəttə, taleyimdə, müğənni kimi təşəkkül tapmağımda Niyazi çox böyük rol oynamışdır, hərçənd ki, o bunu heç vaxt etiraf etməzdi. Yeni rollar, obrazlar, mahnılar üzərində necə işləməyimiz yaxşı yadımdadır. O, həmişə vaxtında səhvi göstərməyi, düzəliş etməyi bacarırdı, özü də bu o qədər inandırıcı olurdu ki, onun dediklərinə etiraz etmək mümkün olmurdu. İndi yadıma düşür ki, mənim minnətdarlıq sözlərimə cavab olaraq deyirdi: Sən nə danışırsan, mən sənin üçün nə etmişəm? Axı sənin səsin var, istedadın var. Hər şeyi sən özün edirsən, mən yalnız səni istiqamətləndirirəm. Əlbəttə, bu Niyazi kimi çox istedadlı insanın təvazökarlığının göstəricisi idi.
Mən həmişə ona heyran qalırdım. Heyran olurdum onun hər hansı bir hadisəyə sağlam qiymət verməyinə, özü də ən sadə və dürüst yol ilə. Mən deyə bilmərəm ki, Niyazi heç vaxt səhv etməyib, çünki heç nə etməyən adam səhv etməz, bu hamıya məlumdur. Hətta çox nadir hallarda səhv edəndə belə, o, layiqli açıqlama tapırdı və tez bir zamanda səhvi unudulurdu. Mən hətta onun inanılmaz çalışqanlığına mat qalırdım. Demək olar ki, o ümumiyyətlə yatmırdı, çünki onu günün hər saatında iş başında görmək olardı. Niyazi gecədən səhərəcən royal arxasında oturaraq hansısa əsər üzərində dayanmadan işləyə bilərdi və ağır iş rejimindən sonra istirahət etmiş kimi gümrah görsənirdi. Bu da izah ediləndir: Niyazi musiqi ilə yaşayırdı və musiqi onun üçün hər şey idi.
Niyazi hərtərəfli maraq dairəsinə malik adam idi. O, kitab oxumağı çox sevirdi. Mən Niyazidə olan bu marağı Türkiyədə qastrol səfərində olanda gördüm. Maestro yanında kitablar, qəzet və jurnallar yığar və gecə üçə-dördəcən oxuyardu. O, çoxlu sayda məlumat materiallını uzun müddətə yadda saxlaya bilərdi, çünki o, əla peşəkar yaddaşa malik idi. Musiqi partituralarını, musiqi klavirlərini əzbər bilirdi, külli miqdarda musiqi materialını bilməsinə baxmayaraq o, hər hansı bir opertanın quruluşu zamanı mütləq yeni materiallar toplayardı. Bir misal gətirmək istərdim. Bir dəfə Xalq artisti Rauf Atakişiyevlə görüş zamanı o mənə dedi: Lütfiyar, dünən Niyazi məni evlərinə dəvət etdi və Çaykovskinin Yevgeni Onegin operasından Lenskinin ariya və ariozosunu ifa etməyə xahiş etdi, çünki Türkiyəyə bu tamaşanı qoymağa gedir və operanın materialı ilə bir daha tanış olmaq iştəyir. Bəs axı əla nümunələr var - Lemeşev, Kozlovski, nə üçün bu gözəl ifaçıların səsyazılarına qulaq asmayıb məni dəvət edib? Raufa qulaq asdıqdan sonra mən ona cavab verdim: Maestro bu operanın materialını əla bilir, Lemeşev və Kozlovskinin yaradıcılığı ilə də yaxşı tanışdı. O, sadəcə olaraq onun fikirlərinə daha çox uyğun gələni, onunla həmfikir olanı axtarır. Hər bir sənətkarda olduğu kimi Niyazinin də öz fikri, öz şərhi var, o, bir daha özünün haqlı olub olmadığını yoxlamaq istəyir. Onun dahiliyi məhz bunda idi: o həmişdə axtarır, axtarır, bəzən uzun müddət axtarır və tapırdı. O daha yaxşı səslənməsi üçün eyni əsərə dəfələrlə qayıda bilərdı. Niyazinin ifasında hər hansı bir əsər - istər klassik, istərsə də müasir əsər - yalnız Niyazi üslubuna xas olan dahiyanə çalarlar əldə edirdi.
Biz Niyazini həm əla musiqiçi-ifaçı kimi, həm də gözəl bəstəkar kimi tanıyırıq. Qəribə orasındadır ki, Niyazi ifaçı kimi bəzən öz əsərlərinə laqeyd yanaşırdı. Axı məlumdur ki, onun parlaq istedadı bəstəkarlıq sahəsində də əksini tapmışdır. Onun bir çox əsərləri nəinki respublikamızda, onun hüdudlarından kənarda da məşhur idi. Lakin maestro konsert proqramlarına öz əsərlərini heç də həmişə daxil etmirdi. Yadımdadır, bir dəfə Niyazi məni ifaçı kimi Orconikidze şəhərində keçiriləcək öz yaradıcılıq gecəsinə dəvət etmişdi. Və biz gecənin proqramını tətib etməyə başladıq. Proqramda bir dənə olsun Niyazinin mahnısı yox idi. Mənim nə üçün proqramda onun əsərinin olmaması haqında sualıma o cavab verdi: Bunun üçün yeni orkestr ilşləməsi lazımdır, köhnəsi artıq xoşuma gəlmir. Yalnız uzun mübahisələrdən və mənim təkidimdən sonra proqramı onun işləməsində iki Azərbaycan mahnıları daxil edildi. Azərbaycan teatrının səhnəsində onun Çitra baletinin tamaşaya qoyulması haqqında maestro ilə mənim nə qədər mübahisə etməyimiz yadımdadır. O vaxta qədər bu balet Kuybışev teatrında tamaşaya qoyulmuşdu. Hətta, balet bizim teatrda tamaşaya qoyulduqdan sonra belə o, vaxt tapıb onu qramvala yazdıra bilmirdi. Hər dəfə təxirə salırdı.
Həyatımda Niyazi ilə bağlı çox şeylər olub. Həm opera teatrına gəlişim, həm opera müğənnisi kimi təşəkkülüm, həm də gələcək yaradıcılıq uğurlarım. Bunun necə baş verdiyi haqqında danışmaq istərdim. 1956-cı ildə mən Rauf Hacıyevin rəhbərliyi ilə estrada teatrında işləyirdim. Mənim də iştirak etdiyim respublika festivalı keçirilirdi. Bax məhz onda Niyazi məni müğənni kimi tanıdı. Sonra mən Operetta teatrına işləməyə keçdim. Teatrın səhnəsində R.Mustayev və V.Adığözəlzadənin Hacı Qara operettasını oynayırdıq. Tamaşaların birinə Mədəniyyət naziri və o vaxtlar Opera və balet teatrının baş dirijoru olan Niyazi gəlmişlər. Tamaşadan sonra hər ikisi mənim qrim otağıma gəldilər. Niyazinin söylədiyi ilk sözlər belə idi: Nə vaxta kimi sən operettada işləyəcəksən?. Mən isə zarafatla cavab verdim: Siz məni operaya dəvət edənədək. Onda sabah saat 12 üçün pianoda müşayiət edənlə operaya gəl - maestro dedi.
Səhərisi gün mən Niyazinin yanına gəldim, o, məni royalın yanına dəvət etdi və Koroğlu operasından bir parçanı oxumağı təklif etdi. Bildirdi ki, mənim haqqımda məlumat toplayıb və musiqi məktəbində oxuduğum illərdə bu operanın birinci aktını hazırlamağımdan xəbərdardır. Mən Koroğlunun ariyasını oxudum, sonra dördüncü aktdan aşıq mahnısını ifa etdim. Afərin, xoşuma gəlir, səni orkestrlə dinləmək lazım olacaq. Hazırda teatr qastroldadır, oktyabrın əvvəllərində gəl - Niyazi dedi.
Mən son dərəcə sarsılmış vəziyyətdə çıxıb getdim. Bilmirəm bu iki aya necə tab gətirdim. Bütün bu müddət ərzində çox həyəcanlı idim. Koroğlu operasının Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında nümayişində əsas partiya üçün gənc ifaçının lazım olduğunu eşidəndə həyəcanım daha da artdı. Niyazinin məni dəvət etməyinin səbəbini indi başa düşdüm. Həyəcan bir dəqiqə olsun belə məni tərk etmirdi. Axı o vaxtlar Koroğlunu ifa edən Bülbülün nüfuzu çox böyük idi. Oktyabrın əvvəllərində opera teatrında dinləmə oldu, orkestrə Əşrəf Həsənov dirijorluq edirdi, maestro isə zalda əyləşib diqqətlə qulaq asırdı. Dinləmənin nəticələri Niyazinin xoşuna gəlmişdi. Beləliklə, mən əvəzçiliklə M.F.Axundov adına Opera və balet teatrına qəbul olundum. Buradaca bütün partiyanı əzbərləmək üçün mənə müddət müəyyən olundu. Niyazi hər həftə məşqlərin necə keçdiyini yoxlayırdı. Düz bir aydan sonra partiya hazır idi. Maestro sinifdə mənimlə məşğul olmağa başladı. Uzun və gərgin günlər başladı. Koroğlu operasının baxışı üçün Bakıya SSRİ Mədəniyyət naziri gəlmişdi. Baxışdan sonra teatrın bütün kollektivini yığaraq dedi: Bəli, yoldaşlar, indi siz əminliklə Koroğlunu Moskvaya apara bilərsiz. Sizin iki gözəl ifaçınız var - yaşlı nəsl və gənc nəsl. Hər tərəfdən Maestro Niyazinin ünvanına minnətdarlıq sözləri səpələnirdi, çünki hamı bilirdi ki, məni o hazırlamışdı. Bu, həyatımda ilk böyük uğur idi.
Niyazi ilə mənim həm yaradıcılıq, həm də şəxsi dostluğumuz vardı. Mənə elə gəlir ki, bizim şəxsi dostluğumuz məhz yaradıcılıq əməkdaşlığımız yaranan gündən başlamışdır. Mən həmişə dostluğumuzu yüksək qiymətləndirir və qədrini bilirdim. Bu insana həmişə çox böyük məhəbbətlə ynaşırdım, ona görə yox ki, o, həyatımda çox böyük rol oynamışdır, ona görə ki, o, mənim üçün yoldaş, dost və müəllim idi. Bu o demək deyil ki, bizim münasibətlərdə hər şey hamar idi. Mübahisələr, fikir ayrılıqları - hətta hərdən bir-birimizdən küsürdük. Amma yenidən məşqlərdə, konsertlərdə görüşəndə bütün bunlar tezlikdə yaddan çıxırdı. Və yenidən mən səhnədə, maestro isə dirijor pultu arxasında həmişə olduğu kimi fikri cəmlənmiş, diqqətli və səmimi.
Niyazi - dirijor və bəstəkardır. Niyazi - müdriklikdir. Niyazi - istedaddır!
. , , . : , . , , 1987. . 70-73.
Tərcümə edən: Niyazinin Mənzil Muzeyinin müdiri Rza Bayramov








Rubrikalara








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.