az | ru | en


19 aprel 2022
NİYAZİ - 110
Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun Niyazi haqqında xatirələri


Görkəmli ustad və müəllim Niyazi haqqında hekayəmi onunla ilk şəxsi tanışlığımdan başlamaq istərdim.
Mənim gəncliyim, təhsil illərim və təşəkkül tapmağım Niyazinin ən fəal yaradıcılıq dövrü ilə bir vaxta təsadüf edir. O illər filarmoniyada vaxtaşırı Azərbaycan musiqisi, rus və xarici klassiklərin, sovet bəstəkarlarının əsərləri səslənirdi. Bütün bu konsertlər incəsənətin bayramı idi, musiqi həvəskarlarının marağı çox böyük idi. Konsertlərdə çox sayda musiqiçilər, bütün bəstəkarlar, pedaqoqlar iştirak edirdi. Və biz, gənclər onları görmək, müşahidə etmək, musiqi haqqında söhbətlərini və düşüncələrini dinləmək imkanı əldə edirdik. Hiss olunurdu ki, bütün bu musiqi bayramlarının nəbzi Niyazi idi. Hər bir tamaşaçı konsertdən zənginləşmiş halda gedirdi, özü ilə gümrahlıq aparırdı, daxilində musiqi səslənirdi. Bunları insanlara Niyazi bəxş edirdi. Və mənə Niyazi ilə nə vaxtdan tanış olmağım haqqında sual verildikdə cavab verirəm: uşaqlıqdan.
Halbuki, səxsi tanışlıq bir qədər sonra baş tutmuşdur. Bu günü çox yaxşı xatırlayıram.
1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının 3-cü kurs tələbəsi olarkən Niyazinin yanına gəldim və ona özümün ilk partituramı - Qara Qarayevin sinfində yazdığım "Balet süitası"nı təqdim etdim. Çox həyəcanlı idim. Maestro ciddi halda soruşdu: "Siz kimsiniz?". Mən özümü təqdim etdikdən sonra o, dedi: "Mən tələbələri ifa etmirəm". Mən donub qalmışdım və sakitçə getməyə hazırlaşanda maestro partituramı istədi. Otuz-qırx dəqiqə diqqətlə hər səhifəni nəzərdən keçirərək partituranı vərəqlədi. Notları bağlayaraq dedi: "Mən bu partituranı ifa edərəm, bəs tələbə üçün orkestr səslərini kim köçürəcək?".
Niyazinin sözləri mənim üçün sevincli və gözlənilməz oldu. Mən bütün yayı orkestr səslərinin köçürülməsi ilə məşğul oldum və payızda notları filarmoniyaya gətirdim. Niyazinin ifasında ilk orkestr əsərimi dinləmək istəyi o qədər böyük idi ki, səslərin köçürülməsi kimi nəhəng əmək mənim üçün adi iş olmuşdur.
"Balet süitası"nın mənim üçün əlamətdar ifası, məşq prosesi, premyara günü yaddaşımda ömürlük həkk olunmuşdur. Görkəmli maestronun təfsirində sənin əsərin səslənədikdə və bu maestro sənin partiturana qayğı və diqqətlə yanaşdıqda bəstəkar üçün bundan böyük sevinc və xoşbəxtlik olmur!
Niyazi ilə işləmək, onun ifasında yazdığın əsəri dinləmək imkanı hər bir bəstəkar üçün xoşbəxtlikdir. Qara Qarayev tərəfindən aşılanmış orkestrə məhəbbət Niyazinin ifasında özünün həqiqi təcəssümünü tapmışdır və bu mənim orkestr musiqisinə gələcəkdə marağımın artmasında əsas rol oynamışdır. Niyazi ilk orkestr əsərimə həyat vəsiqəsi verməklə məndə güc və inam yaratdı. Bu illər mən musiqini asan və tez yazırdım. 1958-ci ildə konservatoriyanı bitirəndə mənim artıq dörd partituram var idi. Niyazi mənim hər bir yeni əsərimi ifa edirdi. "Nağıl" simfonik poemam və birinci simfoniyam (diplom işim) çox gözəl ifa olunmuşdu.
Niyazi ilə münasibətlərimiz dostluğa çevrildi və onun ömrünün sonuna kimi davam etdi. Qara Qarayevin sinfində aldığım sanballı təhsil və görkəmli maestronun ciddi dəstəyi məni daha çox işləməyə və Niyaziyə yeni-yeni partituralar gətirməyə sövq edirdi. O illəri xatırlayaraq mən bir daha yaradıcılığımda Niyazinin oynadığı rolu qeyd etmək istəyirəm. Yaradıcılıq yolumda bu cür görkəmli ifaçı olmasaydı, ola bilsin ki, mənim musiqiyə münasibətim başqa cür olardı.
Konsertlərdən əlavə, mən sistematik olaraq hər il Niyazinin məşqlərində iştirak edirdim. Niyazinin konsertləri və məşqləri isə həddindən artıq çox olurdu: demək olar ki, Azərbaycan bəstəkarlarının hamısının əsərləri (çox vaxt mövsüm ərzində bir əsər bir neçə dəfə ifa olunurdu) ifa olunurdu. Niyazinin hər bir müəllifə göstərdiyi təmənnasız köməyin, əsərin daha yaxşı səslənməsi üçün onun etdiyi gözəl əlavələrin şahidiyəm. Partituralarım üzərində birgə işimiz, digər müəlliflərin konsert və məşqləri, Niyazi ilə mütəmadi ünsiyyət mənim üçün böyük məktəb idi.
Mən Niyazini müəllimim hesab edirəm, mən ondan çox şey öyrənmişəm. Bu haqda mən hər yerdə - şəxsi söhbətlərdə də, rəsmi çıxışlarımda da qeyd edirəm. Bəzilərində bu təəccüb doğurur, çünki rəsmən mən Niyazidən təhsil almamışam. Həm də Niyazi heç vaxt müəllimlik etməyib. Təbiətin bəxş etdiyi istedad, dərin biliklər, erudisiya, böyük təcrübə, parlaq dirijorluq texnikası, orkestri özünə tabe etmək bacarığı – bütün bunlar gənclər üçün əsl məktəb idi.
Altmışıncı illərin əvvəllərində Niyazi az qala konservatoriyada dərs deməyə başlayacaqdı. Bu barədə eşidən kimi maestonun yanına məni öz sinfinə götürməsi üçün xahişə gəldim. Mən dirijor olmayacağımı və bəstəkar üçün orkestr haqqında dərin biliklərə yiyələnməyin nə qədər böyük faydası olduğunu anlayaraq yenidən təhsil almağa hazır idim. Lakin çox təəssüflər olsun ki, bu baş tutmadı. Bəzi rəsmi işlər Niyazinin müəllimliyinə mane oldu. Peşəsinin akademiki olsa da, o, adi müəllim ola bilmədi. Bu, dirijorluq məktəbimiz üçün böyük itki idi - bu işdə qərəzlik tapmaq olarmı? Niyazini özünə əvəz hazırlamamaqda ittiham edənlərin özləri Niyazinin müəllim olmağına mümkün rəsmi əngəllərlə mane oldular.
Və əgər mən indi hərdən dirijor pultu arxasına keçirimsə, bunu da Niyazidən, özü də onun sinfində deyil, onu vizual müşahidə edərək və musiqi haqqında çox saylı söhbətlərimizdən öyrənmişəm.
1960-cı ildə "Məhəbbət əfsanəsi" baletim S.M.Kirov adına Leninqrad opera və balet teatrında tamaşaya qoyulanda sevimli maestroya öz minnətdarlığımı bildirməyə imkan yarandı.
Mən dərk edirdim ki, Kirov teatrında ifaçılıq səviyyəsi çox yüksəkdir. Teatrda bir neçə çox yaxşı dirijorlar işləyirdi, və onlardan hər biri mənim baletimə layiqincə dirijorluq edə bilərdi. Amma şəxsi rəğbət və bunu Niyazidən yaxşı heç kimin edə bilməyəcəyi haqqında əminlik mənə quruluş üçün onun dəvət olunması məsələsini qaldırmaq hüququ verdi.
Mənim bu fikrimi baletmeyster Y.Qriqoroviç, rəssam S.Virsaladze və teatrın müdiriyyəti müdafiə etdilər. Və bizim möhkəm yaradıcı qrupumuz yarandı: N.Hikmət, Y.Qriqoroviç, Niyazi, S.Virsaladze və onların arasında ən cavanı - mən.
Kirov teatrının orkestri və qrupu o saat Niyazini bəyəndilər. İş başladı, bunu ancaq arzu etmək olardı. Adətən, quruluş dövrünü ağır, üzücü və əziyyətli kimi səciyyələndirirlər. "Məhəbbət əfsanəsi" ilə isə hər şey əksinə - asan və ürəkaçan idi. Quruluş ərzində qarşılıqlı əlaqələrimizdə ovqatı pozan heç bir hadisə baş verməmişdi. Çətinliklər yaradıcılıq prosesində olurdu və onların öhdəsindən quruluşçuların fədakar əməyi, qarşılıqlı anlaşması hesabına gəlinirdi. Yaradıcı insanlar həmfikir olduqda həmişə belə olur.
Premyera çox böyük uğurla keçdi. Tam və qeyri-şərtsiz qələbə idi. Və premyeradan 25 il sonra baletin Sovet İttifaqı və xarici ölkələrin onlarla teatrlarının səhnələrində tamaşaya qoyulduğu bu gün "Məhəbbət əfsanəsi" üçün çıxış nöqtəsi olan ilk premyeranın əhəmiyyətini başa düşürsən. "Məhəbbət əfsanəsi"nin taleyində Niyazinin rolu o qədər əhəmiyyətlidir ki, bu gün də bir çox dirijorlar üçün o, meyar rolunu oynayır.
Mən baletin adətən, kölgədə qalan məşq dövrünü yada salmaq istərdim. Məşqin başlamağına bir neçə dəqiqə qalmış maestro pult arxasında dayanaraq hər şeyi ölçüb biçirdi. Bütövlükdə orkestr və ayrılıqda hər bir musiqiçi Niyazinin musiqini, onun ayrı-ayrı detallarını, hər bir cizgisini, incəliklərini əla bildiyini hiss edirdi. Balet üzərində işin Niyaziyə böyük sevinc gətirdiyi hiss olunurdu və bu, onunla işləyənlərin hər birində öz əks-sədasını tapırdı. Niyazi müntəzəm olaraq baletin məşqlərində olurdu, dəqiqliklə onun bütün templərini, bütün balet leksikasını, incəliklərinədək xoreoqrafiyanı bilirdi. Orkestrdə, balet zalında və ya teatrın foyesində olmasından asılı olmayaraq onun ətrafında daim insanlar yığışardı. O, çoxlu sayda maraqlı və məzəli əhvalatlar danışardı. Hər məşqdən sonra orkestr onu alqışlayırdı, premyera günü isə elə bir gurultulu, sürəkli alğışlar oldu, hamımızı uzun müddət atıb-tutdular və mən bir anlıq qorxdum ki, zərif maestronu zədələyə bilərlər.
"Məhəbbət əfsanəsi" haqqında həddindən artıq danışılıb və yazılıb: Niyazinin rolu və əhəmiyyəti lazımi dərəcədə əks olunmuşdu. D.D.Şostakoviçin premyera rəyindən yalnız bir sitatını gətirim:
"Əlbəttə ki, musiqinin təfsirində və tamaşanın yaranmasında dirijor Niyazinin mühüm rolunu qeyd etmək lazımdır. Müdiriyyət onu teatrda işləməyə dəvət etməklə çox müdrik hərəkət etmişdir. Niyazi orkestrlə əsl birliyə nail olmuş və hər bir alətin fövqəladə səslənməsinə müvəffəq olmuşdur. Biz əsl "forte", əsl "piano" eşidirdik, ayrı-ayrı qruplar vahid ansambla qovuşurdu. Niyazi musiqi formasının quruluşunu çox incəliklə hiss edir, partitura elə təmiz və elə bir ilhamla oxunmuşdur ki, sanki yüksək gərginlikli simfonik cərəyan əmələ gəlir..."
Məlumdur ki, "Məhəbbət əfsanəsi"ndən sonra Niyaziyə Kirov teatrının orkestrinə rəhbərlik etmək təklif olunmuşdur, truppa ilə birlikdə o, Fransa və İngiltərəyə səfər etmişdi. Teatr Niyaziyə Leninqradın məşhur və gözəl küçələrinin birində, Rossi küçəsində mənzil vermişdi. Qonşuluqda məşhur Puşkin teatrı, evin həyətində məşhur xoreoqrafiya məktəbi, yaxınlıqda Nevski prospekti idi. Bakıda, Moskvada və başqa yerlərdə olduğu kimi Leninqrad mənzili də qonaqpərvər ev olmuşdur. Hər axşam Niyazinin evində musiqiçilər, tanışlar, Leninqradda yaşayan Azərbaycanlılar yığışardı. Həcər xanım milli xörəklərimizi hazırlayardı..
Baletin premyersı Novruz bayramı ilə eyni vaxta təsadüf edirdi. Bakıdan coxsaylı dostlar, qohumlar gəlmişlər. Masanı səməni, şərq şirniyyatları, Azərbaycan plovu bəzəyirdi. Leninqradda iki bayramı bir yerdə qeyd edirdik.
Niyazi "Məhəbbət əfsanəsi"nə Moskvada da dirijorluq etmişdir. 1962-ci ildə Leninqrad teatrı Moskvaya qastrola bu baleti də gətirmişdi.
1962-ci ildə baletin Leninqrad yaradıcı heyəti "Məhəbbət əfsanə"sinin Bakıda premyerasını həyata keçirdi. Sonralar Niyazi bir neçə dəfə baletin musiqisini Leninqrad, Moskva və Bakı orkestrləri ilə qramvala və kino-lentə yazdırmışdır. İndi də Niyazinin aramızda olmadığı vaxt o, "Məhəbbət əfsanəsi" ilə birgə yaşayır. Onun rəhbərliyi altında yazılmış fonoqram ilə müxtəlif şəhərlərdə müxtəlif ifaçılar baletin bir çox nömrələrini ifa edirlər, İstanbulda isə baletin bütöv quruluşu həyata keçirilmişdir. Niyazi ilə o qədər yaxın münasibətlərimiz bərqərar olmuşdu ki, onun evini mən döğma, əziz hesab edirdim. O, məni oğlum deyə çağırırdı və hətta həyat yoldaşım Esma üçün elçi getmişdir, qızın Şirini isə nəvəm adlandırırdı. Niyazi musiqimizin təşəkkül tapmasının və inkişafının canlı ensiklopediyası idi. Mən bunun gələcək nəsillər üçün nə qədər vacib olduğunu dərk edərək dəfələrlə ondan xatirələrini yazmağı xahiş etmişdim!
Niyazi-dirijorla bizim yaradıcılıq əlaqələrimiz davam edirdi. Maestro demək olar ki, mənim bütün əsərlərimin ilk ifaçısı olmuşdur. O, dəfələrlə mənim "Metamorfozlar" simfonik poemamı ifa etmişdir, mənim üçün SSRİ Dövlət orkestri ilə Moskva konservatoriyasının Böyük zalında ifası və Böyük simfonik orkestr ilə qramvala səsyazısı xüsusilə dəyərlidir.
Niyazinin təfsirində Bəstəkarların IV qurultayında ifa olunmuş İkinci simfoniya çox gözəl səslənmişdir, V qurultayda isə Dördüncü simfoniyam ifa olunmuşdur. Niyazi ilə işləmək - bəstəkarın öz partiturasının ən yüksək səviyyədə oxunmasının nadir hadisəsidir. Niyazi əsərdə gözəl incəliklər aşkar edir, dramaturgiyanı son dərəcədə dəqiqliklə qurur və adamda elə təəssürat yaranırdı ki, bu əsəri o özü fikirləşmiş və yazmışdır. Bəstəkar çox vaxt musiqiyə dərkedilənlə yanaşı intuitiv, şüuraltı ifadələr daxil edir. Niyazi elə nadir sənətkarlardan idi ki, bütün bunları aşkar edib dinləyicilərə çatdıra bilirdi. Niyazi ilə bu cür sevindirici görüşlər çox olmuşdur: kinofilmlərə musiqi yazılışı, yeni qramvalın hazırlığı, növbəti konsert proqramının məşqi və s.
Niyazinin təkidi ilə mən bir neçə müəllif konsertləri keçirdim. Burada mənim üçün ən çətin iş o idi ki, arxadan onun baxışını, təqdir etməsini və ya narazılığını hiss edirdim. Məşqdən sonra mən soruşurdum: "Maestro necədir?". O cavab verirdi: "Sən ayı kimi dirijorluq edirsən". Bir hadisəni yada salmaq istərdim. 1965-ci ildə Çexoslovakiyada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. "Məhəbbət əfsanəsi" artıq bir neçə il idi ki, Praqa səhnəsində nümayış olunurdu və Niyazi bu günlər ərzində baletə dirijorluq etməli idi. Biz Praqanın "Palas" mehmanxanasında məskunlaşmışdıq. Tamaşadan bir gün əvvəl qəflətən ağlayaraq Həcər xanım bizim qaldığımız otağa daxil oldu və Niyazinin vəziyyətinin pis olduğunu dedi. Biz Niyazinin otağına daxil olduqda o, rəngi ağarmış, huşsuz halda uzanmışdı. Kliniki ölüm baş vermişdi. Təcili olaraq həkimlər gəldi və xəstəliyin səbəbini müəyyən etdilər.
Təcili yardım maşınında xəstəxanaya apararkən Niyazinin başı mənim dizlərimin üstündə idi və mən onun əllərini masaj edirdim. Xoşbəxtlikdən hər şey yaxşı oldu və çex həkimləri Niyazini həyata qaytardılar. Ona xeyli miqdarda qan vurulmuşdur. Buna görə də mən pult arxasında durmaq məcburiyyətində qaldım və Niyazinin əvəzinə tamaşaya dirijorluq etdim. Çünki, tamaşanı təxirə salmaq mümkün deyildi.
Mən dirijorluq edirdim, amma gözlərim dolmuşdu, çünki başa düşürdüm ki, Niyazinin həyatı təhlükə altındadır. Tamaşadan sonra xəstəxanaya gəldim, mənə dedilər ki, Niyazi özünə gəlib və ümid var ki, o yaşayacaq. Sonralar, Niyazi sağalandan sonra biz zarafat edirdik ki, maestronun damarlarında o qədər çex qanı axır ki, o özünü çex hesab edə bilər.
Mən bizim bütün afişalarımızı qayğı ilə qoruyub saxlayıram və hər dəfə onlara baxdıqda gözlərim önündə birgə fəaliyyətimiz, sevinclı və işıqlı günlərimiz canlanır. 1983-cü ilin əvvəllərində Daşkənddə mənim yeni "İki qəlbin dastanı" baletimin premyerası baş tutdu. Mən Niyazinin bu vaxtlar özünü o qədər də yaxşı hiss etmədiyini bilirdim. Lakin o, Daşkəndə gəlməyi və tamaşada iştirak etməyi özünə borc bildi. Niyazinin yaxasında Sosialist Əməyi Qəhrəmanı ulduzu, laureat nişanları parlayırdı, o, əzəmətli və məğrur görünürdü.
Niyazinin "İki qəlbin dastanı" baletinin premyerasına gəlişi hamıya çox böyük təsir göstərmişdir. Premyerada Niyazinin iştirakı mənim üçün ən böyük hədiyyə idi. Niyazi tamaşa üçün əla rəy yazmışdı. Onun təkidi ilə "İki qəlbin dastanı"na Bakıda da tamaşa etdilər.
Respublikamızın hüdudlarından kənarda tez-tez bu sözləri eşitmək olar: "Siz, Azərbaycan bəstəkarları xoşbəxtsiniz ki, sizin Niyazi kimi dirijorunuz olmuşdur". Bu, həqiqətən də belədir, Azərbaycan musiqisində Niyazinin rolu danılmazdır.
Qədir bilən Azərbaycan xalqı bizim mədəniyyətimiz üçün bu görkəmli maestronun əhəmiyyətini, qiymətini bilir və başa düşür.
Маэстро Ниязи. Воспоминания, статьи, письма. Составители: Хаджар ханум Гаджибекова, Асильдар Гусейнов. Баку, изд. "Ишыг", 1987. С.85-90.
Tərcümə edən: Niyazinin Mənzil Muzeyinin müdiri Rza Bayramov







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.