az | ru | en

28 fevral 2022
NİYAZİ -110


GÖRKƏMLİ TÜRK BƏSTƏKARI ƏHMƏD ADNAN SAYQUNUN MAESTRO NİYAZİ HAQQINDA MÜSAHİBƏSİNİ İLK DƏFƏ OLARAQ AZƏRBAYCAN DİLİNDƏ TƏQDİM EDİRİK.
İnsan həyatdan iz qoymadan getmir...
1986-cı ilin fevralında görkəmli Türk bəstəkarı Əhməd Adnan Sayqun Sovetlər Birliyinə gəlmişdı. Moskva şəhərində onunla Radiokomitənin Baş Musiqi redaktorunun müavini Nelli Ələkpərova söhbət etmişdir. Aşağıda Niyazi ilə bağlı söhbətin yazısı verilir.
Sual: Niyazini bir dirijor kimi, bir musiqiçi kimi necə dəyərləndirirsiniz?
Cavab: Niyazini sevməmək olarmı? Onunla biz ilk dəfə 1963-cü ildə Bakıda görüşdük. İndiyənədək o vaxtların fotolarını saxlamışam. O, Moskvada mənim fortepiano konsertimə və Üçüncü simfoniyamın I hissəsinə dirijorluq etmişdir. Sonra o, Türkiyəyə gəlmişdir. Hər görüşümüzlə bizim dostluğumuz daha da güclənirdi. Niyazi mənim Kərəm operamı Bakıda tamaşaya qoymaq istəyirdi. O vaxtlar Ankara Opera teatrının direktoru Aydın Gün idi. Onun quruluşçu-rejissor olacağı nəzərdə tutulmuşdu. Hazırlıq işləri gedirdi, hətta dekorasiya da hazır idi, lakin Aydın Gün harasa getdi və quruluş baş tutmadı. Sonra mənim Koroğlu operam üzərində iş getdi. Bu opera İstanbul festivalında ifa olunmalı idi. O vaxta qədər Mən Niyazini dost kimi tanıyırdım, əməkdaşlığımız isə Koroğlu operasından başladı. Mən Niyazinin işinə heyran idim. O vaxta qədər mən Niyazinin məşqlərində iştirak etməmişdim, Qaratoxmaq qadın (Maça kızı) üzərində və başqa əsərlər üzərində işini görməmişdim. Lap əvvəldən başlayım.
Niyazi Ankaraya gələn kimi məndən Koroğlunun notlarını istədi. Notları götürəndən sonra Niyazi mənə dedi: Xahiş edirəm 1 həftə ərzində mənə zəng etmə. Lazım olsa mən özüm sənə zəng edərəm. Qeyd etmək istəyirəm ki, Koroğlu onun üçün tamamilə tanış əsər deyildi. Mən razılaşdım və biz sağollaşdıq. Vaxtaşırı o mənə partitura ilə əlaqədar zəng edib məsləhət alırdı. Bir həftədən sonra o mənə notları gətirdi. Baxıb, gözlərimə inanmadım: o sanki hər bir notu, hər bir işarəni oxumuşdu, hər yerdə, hətta bemola qədər onun qeydləri var idi. Baxmayaraq ki, Koroğlu 800 səhifəlik əsər idi, mənə elə gəldi ki, o əsəri əzbər bilirdi. Mənim unutduğum bütün detalları o qeyd etmişdi. Notlarla qurtardıqdan sonra biz İstanbula getdik və məşqlərə başladıq. O dövrdə İstanbulda opera teatrı yox idi, yangından sonra hələ bərpa olunmamışdı. Şəhərdə Maksim adında kiçik bir zal var idi, onu kiçik opera teatrı kimi düzəltmişlər. Məhz burada biz məşq edirdik, operanın quruluşu isə açıq səma altında nəzərdə tutulmuşdur. Heyranedici o idi ki, Niyazi operanın atmosferinə o qədər nüfuz etmişdir ki, hətta dekorasiya üçün rənglərdə də rəssamdan yaxşı baş çıxarırdı. Mən onun işinə heyran idim. Özü də hər şey çox adi, sakit tərzdə baş verirdi. O sadəcə olaraq hündür kətil üzərinə oturub orkestrlə işləyirdi və onlara göstərirdi: burada belə çalmaq, orada isə belə çalmaq lazımdır. Beləliklə, bütün əsəri cilalayırdı. Qısa müddət ərzində operanı tam hazırladı, xor partiyalarını işlədi və s. O, operanı iki dəfə ifa etdi. Üçüncü dəfə imkan olmadı. O, evlərinə getdi. Həmin günlər, həmçinin mənim Yunus Emre oratoriyam xor, orkestr və solistlərlə Ankarada ifa olunmuşdu.
Sual: Neçənci ildə?
Cavab: Koroğlunun ilk quruluşu 1973-cü ildə olmuşdur, ondan dərhal sonra oratoriya olmuşdur.
Sual: Daha bir sual. Türkiyədə Yunus Emre ifa olunanda Niyazi dirijorluq edirdi. Amerikada Stokovski dirijorluq etmişdir. Bundan başqa oratoriya Fransada da ifa olunub. Bununla əlaqədar Niyazinin işi haqqında nə düşünürsüz?
Cavab: Mən indi sizə danışaram. Deməli, Yunus Emre iki dəfə Ankarada, sonra isə Konyada ifa olunub. Bundan sonra Niyazi yenə də Koroğluya qayıdıb. Bu dəfə Atatürk adına Kultur mərkəzində, lakin bu iş ləngiyirdi, beləki, bina hazır deyildi. Daha iki-üç ay keçdi və Niyazi çıxıb getdi. Sonra o, bir daha Türkiyəyə qayıtmır. Çox heyif ki, operanı qoymaq mümküm olmadı, çünki əsər tamam hazır idi, çox heyif...İndi isə Niyazinin oratoriyanı hazırlamağı haqqında. Əlbəttə, bu çür musiqi əsərlərini hərə bir cür başa düşür. İlk dəfə Türkiyədə oratoriyanı mən özüm türk dilində qoymuşam, özüm də dirijorluq etmişəm. Sonra isə başqaları, o cümlədən Stokovski. Parisdə yenə özüm dirijorluq etmişəm. Macarıstanda onu E.Mikloş macar dilində səhnəyə qoymuşdur. İndi isə Stokovski haqqında. Bu dirijor çətinliyinə baxmayaraq musiqinin bütün incəliklərini hiss edirdi. Mən onun necə işlədiyini görmüşəm. Stokovskinin orkestri heyranedici idi. Yunus Emre onun o qədər xoşuna gəlmişdi ki, o, bir dəfə mənə demişdi: Mən katolikəm, digər dinləri də tanıyıram, lakin onların heç biri məni qane etmir. Sənin oratoriyan isə, onun dili, onun musisiqisi mənə yaxın və başa düşüləndir. O özü oratoriyanı ifa etməyi təklif etdi və paradan imtina etdi. O dedi ki, Türkiyəyə gəlib orada onu ifa etmək istəyir, özü də quruluşla bağlı bütün xərcləri öz üzərinə götürür. Mən oratoriyanı bitirdikdə Anama həsr edirəm yazdım. Sonra isə və Stkovskiyə sözlərini əlavə etdim. Stokovski haqqında bu qədər. İndi də Niyazi. Niyazi oratoriyanın ifasına nə isə özünkünü, təkcə ona xas olanı gətirdi. Stokovski oratoriyanı əla ifa etdi. Niyazi isə həm də özünəməxsus ifa etdi. Oratoriyanın yekun hissəsində xoral səslənir. Bu yerdə pianoçu do major çalmağa başlayır və orkestr ilə birgə do kreşendo çalmağa davam edir, sonra sonluq gedir. Niyazi bu əsər üzərində işləyərkən dedi ki, finalı dəyişmək istəyir, özü də mənim istəyimdən asılı olmayaraq bunu edəcəyini əlavə etdi. Niyazi dedi: De kreşendo davam etməlidir, sonra isə yavaş-yavaş kəsilməlidir, elə bil sonsuzluğa keçməlidir. Mən nə edə bilərdim? Mən razılaşdım. Bilirsiz, çox əla alındı. Əgər mənim öz ağlıma gəlsə idi, mən elə belə edərdim.
Sual: Səhv etmirəmsə, bu kifayət qədər böyük əsərdir?
Cavab: Bəli, 65 dəqiqə davam edir.
Sual: Mənə elə gəlir ki, Niyazinin bir xususiyyəti ondan ibarətdir ki, o, əsəri ifa edərkən elə bil bəstəkarla birgə yaradır. Stokovski əlbəttə əla dirijordur, amma o yad bir əsəri ifa edirdi, Niyazi isə ifa zamanı yaradır, elə deyilmi?
Cavab: Əlbəttə, elədir. Stokovski də, Niyazi də oratoriyanı çox sevirdilər. Lakin bircə fərq var. Stokovski bir musiqiçi, bir dirijor kimi hər şeyi etdi ki, əsər səslənsin. Niyazi isə əsəri nəinki bir musiqiçi kimi, həm də bir insan kimi dərk etmişdi. Ola bilsin Stokovski Yunus Emrenin sözlərini Niyazi qədər başa düşə bilməmişdi. Axı, sözləri hərə bir cür dərk edir. Mən Niyazi ilə eyni cür hiss edirik və başa düşürük, biz ruhən yaxın insanlarıq. Niyazi insanın həyatdan iz qoymadan getməməsi ideyasını başa düşmüşdür. Həyat sonsuz olaraq davam edir. Məhz buna görə o, oratoriyanın sonluğunu dəyişmişdi. Digər heç bir bəstəkar bunu edə bilməzdi. Bu cür dəyişikləri Niyazi digər əsərlərə də edirdi. Niyazi bəzən müəllifdən çox hiss edə bilirdi, ifa üslubunu elə dəyişirdi ki, əsər başqa cür səslənirdi. Əlacsızlıq, Allahın iradəsinə tabeçilik göstərilən yerdə o yenə də kreşendo əlavə edir. Mənim Koroğlu operama da o, özünün çoxlu dəyişiklərini etmişdir.
. , , . : , . , , 1987. . 160-162.
Tərcümə edən: Niyazinin Mənzil Muzeyinin müdiri Rza Bayramov








xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.