az | ru | en

17 avqust 2021
MÜSLÜM MAQOMAYEV
(17.08.1942-25.10.2008)


Bu gün görkəmli musiqiçi, əfsanəvi müğənni, milyonların sevimlisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 79 illiyidir.
Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrimişdir. Sənətə vurğunluğu, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıdıb. Müslüm Maqomayev dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan Müslüm Maqomayevin C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ona böyük şöhrət gətirib.
Müğənninin ifasında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanmışdı.
Müslüm Maqomayev 1964–1965-ci illərdə Milanın “La Skala” teatrında təcrübə keçib. 1969-cu ildə Sopot festivalında I mükafatı, Kannda “Qızıl val” mükafatını alıb. O, 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və başqa ölkələrdə böyük uğurla çıxış edib. Maqomayevin konsert repertuarında 600-dən artıq əsər olub (rus romansları, estrada və neapolitan mahnıları); “Nizami”, “Oxuyur Müslüm Maqomayev” və “Moskva notlarda” filmlərində çəkilib. Müslüm Maqomayev 20-dən artıq filmin, filmlərə və teatr tamaşalarına musiqi müəllifidir. O həmçinin dünya opera və estrada səhnəsinin ulduzları, o cümlədən, amerikalı müğənni Mario Lantsın həyat və yaradıcılığa həsr olunan silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı olub. Maqomayev M.Lants barədə kitab da yazıb.
Sənətkar 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordeni ilə təltif olunub.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Muzeyin zəngin kolleksiyasından Müslüm Maqomayevə aid bəzi şəkilləri təqdim edirik.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.