az | ru | en

22 iyun 2021
CAHANGİR CAHANGİROV - 100 (1921 - 1992)


Azərbaycan musiqisevərləri musiqi tariximizin səhifələrinə adı qızıl hərflərlə yazılan bəstəkarlardan biri, pedaqoq, xormeystr, Xalq artisti Cahangir Cahangirovun 100 illiyini qeyd edir.
Cahangir Şirgəşt oğlu Cahangirov 1921-ci ildə iyunun 20-də Bakının Balaxanı kəndində fəhlə ailəsində anadan olub. O, 7 illik musiqi məktəbini qurtardıqdan sonra əvvəlcə Teatr Texnikumunda, 1937-ci ildən isə musiqi məktəbinin nəzəriyyə şöbəsində oxuyub. 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi şöbəsinə daxil olaraq dahi Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir, bəstəkarlıq ixtisası üzrə B.İ.Zeydmandan dəsr alır.
O, hələ gənc ikən yazdığı əsərlərinə görə müxtəlif diplom və fəxri fərmanlarla təltif edilib. Bəstəkar 1949-cu ildə yazdığı “Arazın o tayında” vokal simfonik poemasına görə 1950-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Cahangir Cahangirov öz fərdi üslubu, özünəməxsus yaradıcılıq ideyası olan bəstəkardır. O, məhəbbət, vətənpərvərlik, əmək və s. bu kimi mövzularda möhtəşəm musiqi əsərləri yaratmışdır. Bəstəkarın özünə xas olan fərdi cəhətlərindən biri Azərbaycan klassik poeziyasını, xüsusən də qəzəl janrını dərindən bilməsidir. Bunu təsdiq edən bəstəkarın “Füzuli”, “Nəsimi” kantataları, “Sabir”, “Hüseyn Cavid-59” oratoriyalarıdır. Klassik poeziyaya, xüsusən də qəzəl janrına maraq bəstəkarda hələ gənc yaşlarından mövcud olub. Belə ki, o, Nizami Gəncəvinin 800 illiyi münasibətilə şairin “Gül camalın” qəzəlinə əsasən romans yazmışdır. Bu da dahi Üzeyir Hacıbəylinin qəzəl, romans janrının davamı idi.
Cahangir Cahangirov Azərbaycanda xor musiqisini inkişaf etdirən bəstəkarlardan biridir. Bəstəkarın Azərbaycanda xor musiqisinin inkişafına göstərdiyi xidmətlər onun ictimai fəaliyyəti ilə də bağlıdır. Belə ki, bəstəkar 1940-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərən mahnı və rəqs ansamblının xor qrupuna və sazçı qızlar ansamblına rəhbərlik edib. 1944-1960-cı illərdə isə Azərbaycan Radio və Televiziyasında xor kollektivinin bədii rəhbəri olub. Bəstəkar öz pedaqoji fəaliyyətini də bu istiqamətə yönəldərək 1975-ci ildən 1992-ci ilə qədər Azərbaycan Dövlət Konservatoriyasında xor dirijorluğu kafedrasına rəhbərlik edib, xor dirijorluğu üzrə milli kadrların yetişməsində mühüm xidmətlər göstərib. Bu gün Azərbaycanda fəaliyyət göstərən xor dirijorlarının əksəriyyəti onun tələbələri olmuşlar.
Geniş yaradıcılıq irsinə malik olan Cahangir Cahangirov musiqinin müxtəlif janrlarına müraciət etmişdir. O. solist, xor və simfonik orkestr üçün “Arazın o tayında” vokal-simfonik poemasının (1949), “Dostluq haqqında mahnı” (1956), “Füzuli” (1959), “Nəsimi” (1973) kantatalarının, “Sabir” (1962), “Hüseyn Cavid-59” (1984), “Böyük qələbə” (1985) oratoriyalarının, “Azad” (1957), “Xanəndənin taleyi” (1978) operalarının və digər əsərlərin müəllifidir. Cahangir Cahangirovun yaradıcılığının bir şaxəsini də onun gözəl mahnıları təşkil edir. Bəstəkar müxtəlif irihəcmli əsərlərə müraciət etməklə yanaşı, mahnı janrına da daim üstünlük verib və gözəl nəğmələr bəstələyib. Bəstəkarın “Zəriflik”, “Necə əl çəkim”, “Zərif gülüşlüm”, “Ana yurdum”, “Bakım”, “Ana” və başqaları müxtəlif bədii məzmunları əhatə edir və hər zaman olduğu kimi, bu gün də ifaçıların repertuarında geniş yer tutur.
Əməkdar incəsənət xadimi (1959), Xalq artisti (1963), SSRİ Dövlət Mükafatı laureatı (1950) Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından sizə “Cahangir Cahangirov-100” virtual sərgisini təqdim edirik.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.