az | ru | en

5 aprel 2021
Oqtay Rəcəbov – 80 (05.04.1941)


Görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, professor, Əməkdar incəsənət xadimi, Xalq artisti Oqtay Rəcəbovun bu gün 80 yaşı tamam olur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Oqtay Rəcəbovu yubileyi münasibətilə ürəkdən təbrik edir, sevimli bəstəkarımıza möhkəm cansağlığı və uğurlar arzu edir.
Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq çağlarından qəlbində musiqi sənətinə böyük sevginin ilkin işartıları görünməyə başlamışdı. Anası Gülsabah xanım Oqtayın musiqiyə həvəsini görüb onu musiqi məktəbinə, skripka sinfinə yazdırır. Hələ məktəb illərində musiqi yazmağa başlayan Oqtay iki il görkəmli bəstəkar Fikrət Əmirovun evində musiqi ilə məşğul olmuşdur. Ali təhsilini atasının təkidi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində almışdır (1958-1963-cü illərdə). Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda aspirantura təhsili almışdır. Lakin ömrünün gənclik çağlarında musiqi ilə daim məşğul olan Oqtay müəllimi bu sahə daha çox özünə çəkib. "Fizika dili" ilə desək, musiqinin cazibə qüvvəsindən, sehrindən çıxa bilməyib. 1963-cü ildə Oqtay Rəcəbovun Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olması, görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatları laureatı, professor Cövdət Hacıyevin sinfində təhsil alması məhz bu niyyətin nəticəsi idi. Beləliklə, gənc Oqtay Rəcəbov fizika üzrə aspirantura təhsilini başa vurmadan ömrünün sonrakı illərini musiqiyə, bu sənətin inkişafına, təbliğinə həsr etmişdir.
1969-cu ildə konservatoriyanı bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru işləməyə başlayır. 1992-2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasına rəhbərlik etmişdir. O, İncəsənət Gimnaziyasında işlədiyi dövrdə ölkəmizdə ilk dəfə olaraq uşaqlar üçün opera studiyası və kinostudiya yaratmışdır.
Oqtay Rəcəbov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur.
Görkəmli bəstəkar musiqinin müxtəlif janrlarında əsərlər yazmışdır, bu gün yarısı uşaqlar üçün olan 500-dən çox mahnının, 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, onlarla filmə musiqinin, pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
Oqtay Rəcəbovun Azərbaycan musiqi sənətindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Lenin komsomolu mükafatı laureatı, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi, Xalq artistidir. “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından sizə “Oqtay Rəcəbov” virtual sərgisini təqdim edirik.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.