az | ru | en

31 mart 2021
Rafiq Babayev – 85 (31.03.1936-19.03.1994)


31 mart 2021-ci il tarixində Azərbaycan cazının korifeyi, bəstəkar, dirijor, aranjimançı, filmlərin musiqi müəllifi və Xalq artisti Rafiq Babayevin 85 yaşı tamam olur.
Rafiq Babayev XX əsrin 60-70-ci illərində musiqi aləminə yeni nəfəs, fərqli baxış gətirən sənətkar kimi tanınır. O, milli musiqi köklərinə bağlı olaraq, Qərb və Şərq musiqi ənənələrinin sintezinin, muğam və xalq melodiyalarının caz ritmləri ilə birləşdirilməsinin əsasını qoymuş musiqi novatorlarından biri idi. Onun çoxsaylı caz, fortepiano, estrada əsərləri, pyes və mahnıları nəinki Azərbaycanda, həm də xaricdə çox yaxşı tanınır.
1936-cı il martın 31-də Fərzi və Şahbəyimin çoxuşaqlı ailəsində daha bir övlad - Rafiq dünyaya gəldi. Valideynlərinin peşəkar musiqiyə bağlılığı olmasa da, uşaqların hamısı musiqiyə meyillənmişdi və kiçik bir “orkestr” qura bilmişdilər. Rafiqin böyük bacıları - Mərziyyə pianoçu, Vəsilə arfa ifaçısı, qardaşı Oqtay nəfəsli alətlər ifaçısı, Rafiq bəstəkar, pianoçu, aranjemançı oldu. Kiçik bacıları Armanus isə musiqi nəzəriyyəçisi idi. Babayevlər ailəsində övladların hər biri peşəkar musiqi təhsili almış, hamısı peşəkar musiqiçi kimi tanınmışdılar.
1943-cü ildə Rafiq musiqi məktəbinə daxil olur. Məktəbin direktoru, tanınmış pianoçu Kövkəb Səfərəliyeva Rafiqə paralel olaraq 160 saylı orta məktəbdə də təhsil almağa icazə verir. Rafiq özünün ilk “caz-band”ını da məhz bu məktəbdə yaradır. 1950-ci ildə Rafiq Asəf Zeynallı adına Musiqi Məktəbinin fortepiano sinfinə daxil olur. Gözəl pedaqoq R.S.Levinanın sinfində təhsil alan Rafiq öz qabiliyyəti sayəsində başqalarından seçilirdi. Məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi. 1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra yaratdığı qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun “Bayatı-kürd” ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir.
Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. 1983-cü ilə qədər Rafiq Babayev Rəşid Behbudovla işləyir, onun musiqi kollektivinə rəhbərlik edir. Bu, həm də Azərbaycan musiqi tarixində bir paralel kimi yadda qalmışdır: Behbudov-Babayev, estrada+caz.
Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olur, müxtəlif musabiqələr, baxış və festivallar təşkil edir. Bakıda ilk caz festivalının təşkili də onun adı ilə bağlıdır. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olmuşdur.
Rafiq Babayev 23 bədii (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s.) və sənədli filmə musiqi yazıb. Qeyd edək ki, 1982-ci ildə Rafiq Babayev Azərbaycanda Bəstəkarlar İttifaqının üzvü seçilmiş ilk caz bəstəkarı olmuşdur.
1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.
1993-cü ildə Rafiq Babayevə Azərbaycan Respublikasının xalq artisti adı verilmişdir.
1994-cü il martın 19-da onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanlarından biri də Rafiq Babayev olmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Rafiq Babayevin anadan olmasının 85 illiyi münasibətilə muzeyin zəngin kolleksiyalarından “RAFİQ BABAYEV” virtual sərgisini təqdim edir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.