az | ru | en

3 fevral 2021
Ceyhun Hacıbəyli - 130 (03.02.1891-22.10.1962)


Bu gün Hacıbəyovlar ailəsinin layiqli nümayəndəsi, mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəylinin 130 yaşı tamam olur.
Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-cı il fevralın 3-də Şuşa şəhərində anadan olmuşdur. Dahi bəstəkar, pedoqoq, publisist, yazıçı-dramaturq Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Şuşa və Bakı məktəblərində oxumuş, ilk təhsilini Şuşadakı iki illik rus-türk məktəbində almış, sonra Bakıda orta məktəbi bitirmişdir. 1909-cu ildə ali təhsil almaq məqsədilə Ceyhun Hacıbəyli Sank-Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. Milyonçu Murtuza Muxtarovun ayırdığı vəsait hesabına sonra o, Parisə gedib məşhur Sorbonna Universitetində təhsilini davam etdirmişdir. Ərəb, fars, qədim türk, alman, fransız dillərini və mədəniyyətlərini dərindən bilmişdir. Gənclik illərindən Qərbi Avropanın bir sıra dövri mətbuatında məqalələrini dərc etdirmiş, məqalələrini “Dağıstanlı”, “Ceyhun Dağıstanlı”, “Azəri” kimi imzalamışdır.
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının yaranmasında Ceyhun bəyin də yaxından köməyi olmuşdur. Bu Ceyhun bəyin şəxsi sənədlər arasında saxlanılan “İlk Azərbaycan operası necə yaranmışdı” xatirə yazısında öz əksini tapmışdır. Xatirə yazıda Ceyhun Hacıbəyli Üzeyir bəy tərəfindən yazılan “Leyli və Məcnun” operasının yaranmasında bəstəkara texniki işlərdə yaxından kömək etməklə, 12 yanvar 1908-ci ildə göstərilən həmin tamaşada İbn Səlam və Nofəl rolunda ilk dəfə səhnəyə çıxdığını bildirir.
Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınamışdır. Sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, cap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən Ceyhun Hacıbəyli həmin dövrdə “Èçâåñòèÿ” (Kaspidə), “İttihat” və “Azərbaycan” (rus dilində) qəzetlərinin redaktoru olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra dövlətin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsini daşıyan Ceyhun bəy 1919-cu ilin yanvar ayında “Versal” sülh konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil olmuş və bir vaxtlar təhsil aldığı Paris şəhərinə yola düşmüşdür. Parisdə müxtəlif tədbirlərdə, konfransın işində yaxından iştirak edən nümayəndə heyətinin əsas vəzifəsi gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyini böyük Avropa dövlətlərinə tanıtmaq idi. 1920-ci il aprel ayının 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra nümayəndə heyətinin bütün üzvləri, o cümlədən də Ceyhun bəy Hacıbəyli bir daha vətənə qayıtmadı. Ömrünün sonuna qədər qürbət ölkədə qalmağa məcbur oldu.
O, Azərbaycan ədəbiyyatından, tarixindən, etnoqrafiyasından, mədəniyyətindən, ayrı-ayrı yazıçıların həyat və yaradıcılıqlarından tərcümə edərək fransız oxucularına çatdırmışdır. Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” komediyası məhz Ceyhun bəyin tərcüməsində 1925-ci il iyun ayının 4-də Parisin “Femina” teatrında səhnəyə qoyulmuşdur. Fransız oxucularına Hüseyn Cavid, Cəfər Cabbarlı kimi şair-dramaturqlarımızı da Ceyhun Hacıbəyli tanıtmışdır.
Parisdə Qafqaz mətbuatının fəaliyyət göstərməsi sahəsində çalışmış, “La revyu du Monde Musulman”, “Le Fiqaro” və b. nəşrlərdə işləmişdir. Parisdə “Qafqaz”, Münxen və Parisdə “Azərbaycan” jurnallarının təsisində və nəşrində böyük rolu olmuşdur. Bir çox əsərin, o cümlədən “Azərbaycan mətbuatının tarixi”, “Qarabağ dialekti və folklor”, “Azərbaycanda antiislam təbliğatı və onun metodları” və s. əsərlərin müəllifidir.
Ceyhun bəy Hacıbəyli ömrünün sonuna kimi Azərbaycanın azadlığı uğrunda var qüvvəsi ilə çalışmışdır. Unuda bilmədiyi doğma vətəninə, sevimli xalqına yorulmadan xidmət etmişdir.
Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Ceyhun Hacıbəyliyə aid bəzi materialları sizə təqdim edirik.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.