az | ru | en

21 yanvar 2021
Şəfiqə Axundova - 97 (21.01.1924-26.07.2013)


Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq Artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovanın anadan olmasından 97 il ötür.
Görkəmli bəstəkarımız ömrünün 70 ildən çoxunu Azərbaycan mədəniyyətinə, incəsənətinə fədakarlıqla xidmət etmişdir. Bu illər ərzində o, bir-birindən gözəl, dəyərli əsərlər yaratmışdır.
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.
İlk bəstəsi olan “Bala”(1941) mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından öyrəndiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. Artıq konservatoriyada təhsil aldığı ilk illərdə o, bir sıra instrumental pyeslər, romanslar və mahnılar yazmışdı. Şəfiqə Axundovanın ilk irihəcmli əsəri simfonik orkestr üçün yazdığı “Pambıq toplanışı”(1948) musiqi lövhələri idi. Hələ o zaman respublika Bəstəkarlar İttifaqının plenumunda təqdir olunmuş bu əsər ilk dəfə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında, məşhur dirijor Niyazinin təfsirində səslənmişdi. Bu illərdə o, “Cahanda”, “Nə gözəl”, “Fəqan etməz idim” romanslarını, “Beşik başında”, “Zəfər marşı”, “Ana vətən”, “Zəfər bizimdir” mahnılarını yazır.
Şəfiqə Axundova 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. “Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edir. Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlir və əsərə uğur qazandırır.
Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur.
Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti tərəfindən ən yüksək fəxri adlara layiq görülüb.
Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından bəstəkara aid bəzi materialları sizə təqdim edirik.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.