az | ru | en

22 noyabr 2020
Mənəvi sərvətimiz - Fikrət Əmirov – 98
(22.11.1922-21.02.1984)


Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, bəstəkar, musiqi xadimi, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət Mükafatı laureatı Fikrət Əmirovun 98 yaşı tamam oldu.
Musiqi mədəniyyətinin görkəmli xadimləri arasında layiqli yer tutan məşhur bəstəkar Fikrət Əmirovun yaradıcılığı geniş, bədii maraq dairəsi çoxcəhətlidir. Musiqidə elə bir janr yoxdur ki, bəstəkar ona müraciət etməsin. Fikrət Əmirov operanın, baletlərin, simfoniyaların, simfonik muğamların, simfonik poemaların, süitaların, kapriççionun, fortopiano üçün konsertlərin, musiqili komediyaların, mahnı və romansların müəllifidir.
Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, musiqimizin beşiyi sayılan Şuşada doğulan və dövrünün məşhur tarzəni kimi tanınan Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlmişdir. Onun böyük musiqiçi kimi yetişməsində fitri istedadı ilə bərabər atası Məşədi Cəmilin böyük təsiri olmuşdu.
Uşaqlıq illəri musiqi aləmi ilə əhatə olunmuş Fikrət Əmirov musiqiyə olan həvəsi hələ kiçik yaşlarından özünə biruzə verirdi. O, daima xanəndə və aşıqların, eləcədə instrumentalistlərin ifasını diqqətlə dinləmiş, xalq musiqi yaradıcılığını izləmişdir. Bu da onun musiqi düşüncəsinin formalaşmasını təmin etmişdir.
Fikrət Əmirov 1938- ci ildə tar ixtisası üzrə Gəncə musiqi texnikumunu bitirdikdən sonra Bakıya gələrək musiqi texnikumunda təhsilini davam etdirir. 1939- cu ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Burada Üzeyir Hacıbəylinin və Boris Zeydmanın sinfində təhsil alır. Tələbəlik illərində o, “Variasiyalar”, “Romantik sonata”, “Prelüdlər”, “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” simfonik poemasını, eləcə də M. S. Ordubadinin liberettosu əsasında 1946-cı ildə “Gözün aydın” musiqili komediyalarını yazmışdır. Həmin dövrdə o, skripka və fortepiano ilə simfonik orkestr üçün ikili konsert, A. Babayev birlikdə fortepino ilə xalq çalğı alətləri orkestr üçün konsert, görkəmli Azərbaycan şairinə həsr etdiyi “Nizaminin xatirəsinə” simfoniyasını yazmışdır. 1948-ci ildə Fikrət Əmirov bir pərdəli “Ulduz” operası ilə konservatoriyanın bəstəkarlıq fakultəsini bitirir. O, öz yaradıcılığında milli folklorun öyrənilməsinə xüsusi diqqət yetirir. Xalq muğamlarını dərindən öyrənir, onların məqam xüsusiyyətlərini təhlil edir. Bəstəkar Azərbaycan muğamlarının simfonikləşdirilməsi sahəsində yeni naliyyətlər qazanmışdır. O, muğam improvizasiya üsulundan, eləcə də muğamın ritmik xüs usiyyətlərindən, həmçinin xalq mahnılarından istifadə edərək “Şur” və “Kürd Ovşarı”simfonik muğamlarını yaratmışdır. Həmin simfonik muğamlar 1949-cu ildə Dövlət mükafatına layiq görülmüşdür.
Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifidir.
1950-ci ildə dörd hissəli "Azərbaycan" simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca 1953-cü ildə müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan “Sevil” operasını yazır. 1961-ci ildə F.Əmirov simfonik orkestr üçün “Azərbaycan kapriççiosu”nu, həmçinin simfonik orkestr üçün”Azərbaycan qravürlərini”, “Nəsimi” vokal-simfonik poemasını, 1973-cü ildə yeni tembr-koloritə əsaslanan “Gülüstani-Bayatı Şiraz” simfonik muğamını yazmışdır. Əsərdə vokal və simfonik-orkestr ifasının tembr ahəngdarlığının xalq milli janr və formaları ilə vəhdət təşkil etməsi milli simfonizmin inkişafına imkan yaradır. “Min bir gecə” baleti Fikrət Əmirovun yaradıcılığında xüsusi mərhələ təşkil edir.
Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat etmişdir.
Görkəmli bəstəkarın insanları daim mənəvi saflığa və vətənpərvərliyə səsləyən ölməz yaradıcılığı professional musiqimizə böyük dayaq və örnəkdir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.