az | ru | en

20 avqust 2020
Azərbaycan muğam sənətinin xanı – Xan Şuşinski (20.08.1901- 18.03.1979)



Bu gün Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, xanəndə, Azərbaycan SSR Xalq artisti Xan Şuşinskinin doğum günüdür.
Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb.
Balaca İsfəndiyarın ustadı İslam Abdullayev öz dövründə “Segah İslam” kimi tanınırdı. O, məclislərin birində İsfəndiyarın səsini bəyənib və onu özünə şagird götürüb. İsfəndiyara “Xan” adının verilməsinin maraqlı tarixçəsi var. “Segah İslam” tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı”nı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra “Segah İslam” üzünü İsfəndiyara tutub deyir: “Bəlkə sən də bizim üçün “Kürd Şahnazı” oxuyasan?”.
İsfəndiyar 12-13 yaşından başlayaraq, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını oxudub saatlarla qulaq asar, onların ifasının ən incə məqamlarını təqlid etməyə çalışardı. Amma gözlənilmədən, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir. Amma İslam Abdullayevin sözünü də yerə sala bilmir. “Kürd Şahnazı”nı zilə çəkən İsfəndiyar öz ifası ilə məclis əhlini heyrətləndirir, yerbəyerdən səslər eşidilir: “əsl xan elə bu imiş ki!”. İslam Abdullayev isə şagirdinə ustad xeyir-duasını verərək deyir: “Bu gündən sən oldun Xan”.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.
Xan Şuşinskinin öz mahnıları da var. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı sözləri də Xana məxsusdur. Mahnılarının, demək olar, hamısı bədahətən yaranıb.
Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan “Yaylıq” adlı bu duet indi də maraqla dinlənilir.
Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.
İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.
Xan Şuşinski Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan musiqi xadimi olmuşdur.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.