az | ru | en

17 avqust 2020
Xatirə: İlhamə Quliyeva (17.08.1943-25.02.2016)



Bu gün müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın Xalq artisti İlhamə Quliyevanın anadan olmasının 77-cı ili tamam olur.
İlhamə Quliyeva 1943-cü il avqust ayının 17-də Lənkəran şəhərində anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İlhamə Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutmuşdur. O, 1965–1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada-simfonik orkestrinin, 1970–1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.
Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş Xalq artistləri, görkəmli müğənni Tükəzban İsmayılovanın və görkəmli tarzən Həbib Bayramovun ailəsinin nümayəndəsi olan İlhamə Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirmişdir. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınırdı. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İlhamə Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirmişdir.
Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İlhamə Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində: İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s. konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil etmişdir.
İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adlarını almışdır. Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordenlərinə layiq görülmüşdür.
Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaqdır.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.