az | ru | en

17 avqust 2020
Adilə Əliyeva




Fransada yaşayan məşhur pianoçu, Azərbaycanın Əməkdar artisti, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə xanım Əliyeva bu il öz yubileyini qeyd etmişdir.
Adilə xanım Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostudur. Vətənə hər gəlişində Musiqi Muzeyini mütləq ziyarət edir, musiqisevərlərin görüşünə gəlir, muzeydə və filiallarımızda keçirilən tədbirlərdə həm tamaşaçı kimi, həm də ifaçı kimi yaxından iştirak edir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sevimli Adilə xanım Əliyevanı yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları arzu edir.
Adilə xanım Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini də Azərbaycan Dövlət Konservatoriyası yanında (indiki Bakı Musiqi Akademiyası) Bülbül adına Orta İxtisas Musiqi Məktəbində almışdı. İlk çıxışı 7 yaşında Leo Qinzburqun dirijorluğu altında keçib. Bu dövrdə “Dostluq melodiyaları” adlı sənədli kinofilmdə məşhur azərbaycanlı dirijor və bəstəkar Niyazinin dirijorluğu ilə D.Şostakoviçin “İkinci konsert”ini ifa edib. Musiqi məktəbini bitirdikdən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdir. Burada dünyaşöhrətli musiqiçilərdən, H.Q.Neyqauz, Y.İ.Zak kimi şəxsiyyətlərlə görüşmək, onlardan sənət sirrlərinə yiyələnmək ona nəsib olmuşdur. Təhsilini bitirəndən sonra bir müddət Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, neçə-neçə istedadlı musiqiçilər yetirmişdir.
Adilə xanım artıq 30 ilə yuxarıdır ki, xaricdə yaşayir. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Vətənindən uzaqda olmasına baxmayaraq qəlbi həmişə vətən sevgisi ilə döyünən məşhur pianoçu Azərbaycan musiqisinin fəal təbliğatçılarından sayıla bilər. O, dünyanın 50-dən yuxarı ən məşhur konsert salonlarında çıxış etmişdir, 30-dan yuxarı albom buraxdırmış, 200-dən çox radio və televiziya kanallarının qonağı olmuş və hər zaman məşhur Avropa, Amerika bəstəkarlarının əsərləri ilə yanaşı Azərbaycan bəstəkarları Qara Qarayev, C.Hacıyev, A.Məlikov, T.Quliyev, O.Rəcəbov, V.Mustafazadə başqa Azərbaycan bəstəkarlarının əsərlərini dünya ictimaiyyətinə çatdırmışdır.
1996-cı ildən bu zamana qədər hər iki ildən bir Fransa və İsveçrədə “Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi” keçirilir.
Adilə xanımın sənəti dünyanın tanınmış musiqiçiləri, tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdir. “Nyu-York Times”-ın musiqi tənqidçisi, “Motsartdan bizim günlərədək beynəlxalq pianoçular” ensiklopediyasının müəllifi, səsyazmalar üzrə amerika bələdçisi Harold Şönberq yazırdı “Adilə xanım musiqinin zirvəsindədir. O, öz müstəsna ifaçılıq məharəti, mükəmməl səsi və ecazkar emosionallığı ilə fərqlənən məşhur pianoçudur”
Fransa institutunun kansleri, Fransa zərif sənətlər Akademiyasının direktoru Marsel Landavski Adilə xanıma öz əsərini həsr etmiş, onu bizim yüzilliyin, və hətta növbəti yüzilliyin də ən yaxşı pianoçusu adlandırmışdı.
Fransız bəstəkarı, Radio-Fransın təsisçisi Marius Konstant “Şuman mövzusuna variasiyalar” əsərini Adilə xanıma həsr etmişdir.
Almaniyada yaşayan məşhur rus bəstəkarı Radion Şedrin Adilə xanımın adına keçirilən müsabiqəyə öz “A la pizzicato” bəstəsini həsr etmişdir.
Bu şərhlər Adilə xanım haqqında söylənilən və münasibət bildirilən fikirlərin ən cüzi bir hissəsidir. Adilə xanım bizləri yaradıcılıq uğurları ilə sevindirməyi davam edir. Ona bu işlərində müvəffəqiyyətlər və can sağlığı diləyirik.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.