az | ru | en

5 avqust 2020
Xatirə: Məmmədtaği Bağirov – 130
(05.08.1890- 16.04.1961)




Azərbaycanın musiqi tarixində məşhur opera müğənnisi, Xalq artisti Məmmədtağı Bağırovun əvəzolunmaz xidmətləri olmuşdur. Bu gün onun anadan olmasından 130 il ötür.
Məmmədtağı Bağırov 1890-cı il avqustun 5-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Azərbaycan teatr aktyoru və rejissoru Sidqi Ruhullanın təkidi ilə Hüseyn Ərəblinskinin teatr truppasına daxil olub. Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Hənəfi Terequlov, Hüseynağa Hacıbababəyov ilə birgə ölməz səhnə əsərlərində çıxış edib. 1909-cu ildən Bakıdakı opera truppalarında oxumuş, 1914-cü ildən solist kimi çıxış etmişdir. Səhnəmizin ehtiyacı olduğu üçün ilk addımlarını qadın rolları oynamaqla atıb. Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”ində Əsli, “Leyli və Məcnun”da Leyli obrazlarını yaradıb. Azərbaycan musiqisinin, habelə, dramaturgiyasının əvəzsiz nümunəsi sayılan “Arşın mal alan” komediyasının ilk səhnə quruluşunda Məmmədtağı Bağırovun zəhməti az olmayıb, Süleyman və Soltan bəy obrazlarını ifa edib. Bəstəkar Müslüm Maqomayev “Şah İsmayıl” operasını yazanda Ərəbzəngi partiyasını onu nəzərdə tutaraq bəstələmişdi. 1919-cu ildə opera tamaşaya qoyulanda müğənni Ərəbzəngi obrazını misilsiz bir məharətlə yaratmışdı. İllər sonra Məmmədtağı Bağırov Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Aslan şahı, “Nərgiz” operasında Ağalar bəyi ifa edir. O, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”operasında keşiş, “Koroğlu”da Həsən xan, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində Şahvələd, Fikrət Əmirovun “Sevil”ində Əbdüləli bəy, Coakkino Rossininin “Sevilya bərbəri” operasında Bartolo və.s obrazlarını böyük ustalıqla canlandırmışdır. Ömrünün son illərində isə sənətkar “Leyli və Məcnun”da Leylinin atası rolunu oynayırdı. Hüseyn Seyidzadənin “O olmasın,bu olsun” filmində Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) bütün mahnılarını Məmmədtağı Bağırov səsləndirib. Filmotekanın “Qızıl fondunda” onun səsi yazılmış kino lenti daim səsləndirilir.
Bütün ömrünü səhnəyə və incəsənətə həsr edən sənətkarın xatirəsi həmişə hörmətlə yad ediləcəkdir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.