az | ru | en

29 iyul 2020
AZƏRBAYCANDA MUSİQİ ALƏTLƏRİ ÜZRƏ İLK – “TÜRKDİLLİ XALQLARIN MUSİQİ ALƏTLƏRİ” BEYNƏLXALQ SİMPOZİUMU - 10




10 il bundan əvvəl, 2010-cu ilin dekabr ayının 16-17-də Bakıda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Türk Mədəniyyəti Beynəlxalq Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə “Türkdilli xalqların musiqi alətləri” beynəlxalq simpoziumu keçirilmişdir. Beynəlxalq simpoziumda müxtəlif ölkələrdən hörmətli alimlər, məşhur mütəxəssislər, o cümlədən Azərbaycanın görkəmli musiqişünasları, musiqiçiləri iştirak etmişdi və beynəlxalq aləmdə çox böyük marağa səbəb olmuşdu.
Simpoziumda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin musiqi alətləri kolleksiyasının xüsusiyyətləri” və o zaman muzeyin Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəri, Xalq artisti, mərhum Məcnun Kərim “Orta əsrlərdə türk xalqlarının dartımlı musiqi alətləri: qopuz, tənbur, rübab, çoğur” mövzularında çıxış etmişdilər.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblının çıxışı simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdı.
Simpoziumda Azərbaycanlı musiqişünas alimlər: sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, professor, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, professor Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva, tarzən, Xalq artisti Ramiz Quliyev, musiqiçi, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə maraqlı məruzələrlə çıxış etmişlər.
Simpoziumda həmçinin Sənubər Bağırova, İmina Əliyeva, Lalə Kazımova, Kamilə Dadaşzadə (Azərbaycan), Qeniçi Tsuqe (Yaponiya), Raziyə Sultanova (İngiltərə), Gennadi Makarov, İrina Mileşina (Rusiya), Saule Uteqaliyeva, Şaxım Kulıyev (Qazaxıstan), Şehvar Bəşiroğlu (Türkiyə) və bir çoxları məruzə ilə çıxış etmişlər.
Qeyd edək ki, simpoziumun işində Azərbaycanın alim və mütəxəssisləri ilə yanaşı 13 ölkədən nümayəndələr iştirak etmişdi. Bunlar: Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, ABŞ, Kanada, Yaponiya, İngiltərə, İtaliya, Rusiya Federasiyasıdır. Rusiya Federasiyasından təkcə Moskva və Sankt-Peterburqdan deyil, həmçinin Tatarıstan və Başqırdırstan kimi türkdilli respublikaların nümayəndələri idi. Onlar simpoziumun yüksək səviyyədə təşkil olunmasını və beynəlxalq musiqi ictimaiyyətinin böyük marağına səbəb olduğunu qeyd etmişlər.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.