az | ru | en

26 iyul 2020
Əyyub Quliyev – 36 (26.07.1984)




Bu gün Azərbaycan musiqiçisi, dirijor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının dəvətli baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin ad günüdür. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi yaxın dostumuz Əyyub Quliyevi ad günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, böyük yaradıcılıq uğurları arzulayır.
Əyyub Quliyev Azərbaycan musiqi mədəniyyətini beynəlxalq aləmdə layiqincə təmsil və təbliğ edən tanınmış simalardan biridir. O, sevilən və tanınmış tarzənimiz, Xalq artisti Ramiz Quliyevin ailəsində dünyaya gəlmişdir. Kiçik yaşlarından evlərində hökm sürən yaradıcı və intellektual atmosfer onun mənəvi dünyasına dərindən sirayət etmişdi. Tarin sehirli notlari balaca Əyyubu musiqi dünyasının cazibəsinə altına almışdı. İlk musiqi biliklərini də evdə atası Ramiz Quliyevdən almışdı. Artıq 7 yaşında ikən konsertlərdə Ramiz Quliyevlə duetlə səhnədə çıxışlar etmişdi. Musiqi təhsilinə Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində başlayır. Çoxlarından seçilərək Bakı Musiqi Akademiyasına da 15 yaşı olanda daxil olmuşdu. Burada eyni zamanda iki ixtisas üzrə, tar və xor dirijorluğu üzrə təhsil alır və hər iki ixtisas üzrə də fərqlənmə diplomu ilə akademiyanı bitirir. Daim axtarışlarda olan gənc dirijor daha yüksək nailiyyətlər əldə etmək, zirvələri fəth etmək məqsədi ilə təhsilini xaricdə davam etdirir. 2005-2007-ci illərdə Rusiyada Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasında A.İ.Polişukun opera-simfonik dirijorluğu sinfində aspiranturada oxuyur. Daha sonra 2008-ci ildə Avstriyaya gedir, Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirmişdir. Daha sonra Avropanın tanınmış dirijorlarından ustad dərsləri alır. Sənətkarın ilk çıxışları hələ 2000-ci ilə təsadüf edir. Debütünü böyük məsuliyyət və zəhmət tələb edən uşaq orkestri ilə etmişdir.
Bir müddət sonra sənətkarın yaradıcılığında beynəlxalq festivallar və müsabiqələr bir-birini əvəz etməyə başlayır. Dirijor 2010-cu ildə Taskanini Beynəlxalq müsabiqəsində də iştirak edir. Nüfuzlu müsabiqənin qalibi sənəd verən 170 nəfər arasından Əyyub Quliyev seçilir. Qeyd edək ki, həmin müsabiqədə artıq 19 il idi ki, 1-ci yer nominasiyası olmamışdı. Bu qədər fasilədən sonra Əyyub Quliyevin qalib seçilməsi onun böyük istedadının və qabiliyyətinin nəticəsi idi.
Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev 2013-cü ilin iyul ayında Rusiyada keçirilən V.Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalında iştirak etmişdir. O, Raxmaninov beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır. Əyyub Quliyev bu festivalda Safonov adına Federal Filarmonik orkestri ilə birlikdə çıxış etmişdir. Həmin ildən Əyyub Quliyev Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.
Ümumiyyətlə isə Əyyub Quliyev il ərzində 10-15 orkestrlə çalışır. Bunu da Azərbaycan mədəniyyətinin böyük uğuru hesab etmək olar.
Sənətə tarla gələn dirijor vətəndə və xaricdə iştirak etdiyi konsertlərdə milli musiqimizi və alətlərimizi təbliğ edir.
Onun yüksək peşəkarığı dövlətimiz tərəfindən qiymətləndirilir. 2017-ci ildə gənc dirijor Azərbaycan Respublikasının Əməkdar artisti adını almışdır. 2018-ci ildə onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına baş dirijor və musiqi rəhbəri təyin olunması musiqisevərlər üçün çox sevindirici xəbər oldu.
Əyyub Quliyevə böyük və davamlı yaradıcılıq uğurları, daha yüksək sənətkar titulları arzu edirik.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.