az | ru | en

19 iyul 2020
Xatirələr – Ağababa Bünyadzadə – 105 (19.07.1915-17.12.1974)




Azərbaycanın görkəmli opera müğənnisi, Xalq Artisti Ağababa Bünyadzadənin anadan olmasından 105 il ötür.
Ağababa Bünyadzadə 1915-ci il iyulun 19-da Bakı şəhərində anadan olmuşdur. Cingiltili və ürəyəyatımlı bariton səsə malik olan Ağababa Bünyadzadə yeniyetmə yaşlarından bədii özfəaliyyət kollektivlərində müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyorluq fəaliyyəti göstərmişdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin qəhrəmanları Əsgərin ("Arşın mal alan") və Sərvərin ("O olmasın, bu olsun") ariyalarını oxumuş, klassik dünya operalarına maraq göstərmişdir.
İyirmi üç yaşında ikən Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə işə qəbul edilən müğənni 1938-1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil almışdır. Moskvada təhsilinin başa vurub Bakıya qayıtdıqdan sonra Bakı Opera Studiyasını (1940) bitirmiş, opera teatrının truppasına qəbul olunmuşdur. Ağababa Bünyadzadənin müğənni-aktyor kimi yetişməsində rejissorlardan İsmayıl Hidayətzadənin və Soltan Dadaşovun böyük rolu olmuşdur. Güclü, məlahətli və geniş diapazonlu səsə malik olan A.Bünyadzadə müxtəlif xarakterli, xüsusilə dramatik partiyalarda böyük müvəffəqiyyətlə çıxış etmişdirr.
Yaradıcılığı dövründə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında 60-a yaxın müxtəlif xarakterli, yaddaqalan obrazlar yaradan Ağababa Bünyadzadənin bəstəkarlardan Ü.Hacıbəylinin “Leyli və Məcnun” (Nofəl), “Koroğlu” (Həsənxan və Alı), M.Maqomayevin “Şah İsmayıl” (Aslan şah), “Nərgiz” (Ağalar bəy), Z.Hacıbəyovun “Aşıq Qərib” (Şahvələd), Niyazinin “Xosrov və Şirin” (Şapur), Q.Qarayev və C.Hacıyevin “Vətən” (Mərdan), R.Qlierin “Şahsənəm” (Xan), F.J. Qalevinin “Kardinal qızı” (Rudjiero), C.Verdinin “Otello”, “Riqoletto”, “Traviata”, “Aida” (Yaqo, Riqoletto, Jermon, Amonastro), C.Rossininin “Sevilya bərbəri”(Fiqaro) və digər operalarda ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı, səslə hərəkətin üzvi vəhdəti ilə seçilmişdir. A.Bünyadzadənin sənət taleyində “Şah İsmayıl” operasının xüsusi yeri var. Uzun illər bu operada əsas partiyalardan biri – Aslan şahı ifa etməklə yanaşı, 1967-ci ildə Müslüm bəy Maqomayevin "Şah İsmayıl" operasını tamaşaya hazırlayıb.
Milli opera sənətimizin inkişafındakı səmərəli xidmətlərinə görə 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1955-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
İstedadlı opera müğənnisi Ağababa Bünyadzadə 1974-cü ildə dünyasını dəyişmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Ağababa Bünyadzadəyə aid bəzi materialları təqdim edirik.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.