az | ru | en

11 aprel 2020
“Faşizm üzərində qələbə uğrunda”




Bu il may ayının 9-da sülhsevər dünya ictimaiyyəti faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəkdir.
Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olmuşdur. Xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar.
Azərbaycan bəstəkarları müharibə illərində 400 yeni əsər-marş, simfoniya, mahnı, opera və s. yaratmışlar. Üzeyir Hacıbəyovun "Şəfqət bacısı", "Qələbə himni", Səid Rüstəmovun "Cəbhəyə", Süleyman Ələsgərovun "Gözlə məni" mahnıları dillər əzbəri olmuşdu. Aşıq M.Bayramovun "Kamal haqqında dastan"ında azərbaycanlı gəncin faşistlərlə döyüşdəki qəhrəmanlığı tərənnüm edilirdi. 1941-ci ildə Radio Komitəsi nəzdində Ü.Hacıbəyovun təşəbbüsü ilə Xalq çalğı alətləri ansamblı təşkil olundu. Döyüşçülərə xidmət üçün cəbhə konsert briqadaları yaradılmışdı. Xalq artisti Bülbül, bəstəkarlar C.Cahangirov, Səid Rüstəmov, Niyazi və b. ardıcıl olaraq cəbhəyə gedirdilər. Onlar Belorus, Bryansk cəbhələrində olmuş, Azərbaycan diviziyalarının döyüşçüləri önündə çıxışlar etmişdilər. İncəsənət xadimlərinin əsgər və zabitlər qarşısında çıxışları döyüşçülərə yüksək mənəvi ruh verir, onlarda qələbəyə inamı möhkəmləndirirdi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Sizə II Dünya Müharibəsində qələbə naminə önəmli işlər görmüş bəstəkarlarımız haqqında məlumatları və arxivlərimizdə mühafizə olunan materialları təqdim edir.
“Faşizm üzərində qələbə uğrunda” rubrikasında bu gün Sizə, 100 yaşını qeyd etdiyimiz ilk Azərbaycan uşaq baletinin müəllifi, bəstəkar, musiqişünas və pedaqoq, professor, Azərbaycan Respublikasının Xalq artisti Əşrəf Abbasov haqqında danışmaq istəyirik. Biz Əşrəf Abbasovun 100 illik yubileyini muzeyimizdə qeyd edəcəyik və onun musiqi mədəniyyətimizin inkişafındakı əvəzsiz xidmətləri haqqında geniş tədbir keçirəcəyik. Bu gün isə onun II Dünya Müharibəsində iştirakı haqqında söz açmaq istərdik.
Müharibə Əşrəf Abbasovu Belorusiyada ordu sıralarında, 345-ci atısı alayında hərbi-nəfəsli orkestrdə musiqiçi kimi xidmət edərkən haqlayır. Serjant rütbəsində xidmət edən Əşrəf Abbasov Yelnya şəhəri yaxınlığında ağır yaralanır və Tomsk hərbi hospitalında müalicə olunur. Ordudan tərxis olunandan sonra iki il də ev şəraitində müalicəsini davam etdirməli olur. O, müharibədəki xidmətinə görə II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir (11.03.1985).






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.