az | ru | en

10 fevral 2020
Cahangir Qarayev - 70




Fevralın 10-da Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin Ev-Muzeyində Azərbaycan fortepiano və bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən biri Cahangir Qarayevin (1950-2013) 70 illiyinə həsr olunmuş tədbir keçirildi.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova çıxış edərək sənətkarın Azərbaycan musiqi mədəniyyətindəki rolundan söz açdı. Bildirdi ki, bu evdə Qarayevlərin dörd nəsli yaşayıb. C.Qarayev də bu evdə yazıb-yaradıb.
Musiqişünas Raya Abbasova C.Qarayevin həyat və yaradıcılığından söz açdı. Diqqətə çatdırdı ki, C.Qarayev görkəmli səhiyyə xadimi Mürsəl Qarayevlə Böyükxanım Nəzirovanın ailəsində dünyaya göz açıb. Uşaqlıq çağlarından musiqi sənətinə sevgi bəsləyən insanların əhatəsində, əmisi, dahi bəstəkar Qara Qarayevin sənət mühitdə böyümüşdü. Bu isə onun həyat yolunu həll edən vacib amil olmuşdu. O, Xalq artisti, professor Mayor Rafailoviç Brennerin sinfində professional musiqi təhsili alıb.
Raya Abbasova tələbəlik illərində bir pedaqoq kimi tanımağa başladığı C.Qarayevlə bağlı düşüncələrini bölüşdü. Dedi ki, o, konservatoriyada sənətə özünəməxsus münasibəti ilə seçilirdi: “Onun bəstəkar və ifaçı kimi xüsusiyyətləri ilə yanaşı, pedaqoq olaraq da qeyri-adi yanaşmaları var idi. O, novator bəstəkar və pedaqoq idi. Əsərlərində minimalizm xüsusiyyətləri ilə seçilirdi. Həmin dövrdə Qara Qarayevin sinfində tam təhsil keçmiş əmisi oğlu Fərəc Qarayevin təsiri altında Cahangir ənənəvi konservatoriya proqramı ilə yanaşı, yeni Vyana bəstəkarlıq məktəbinin baniləri - Arnold Şönberq, Anton Vebern və Alban Berqin sənətini də öyrənirdi”.
Qeyd edildi ki, öz təhsilini musiqi klassikasının ən kamil nümunələri əsasında alan C.Qarayev caz sənətini də ciddi surətdə öyrənməyə başlayır. Onun maraq və axtarışları özünün yaratdığı və rəhbərlik etdiyi “Cürbəcür” qrupunun fəaliyyətində gerçəkləşir. Böyük rəğbət qazanmış həmin heyətin repertuarına müasir Azərbaycan bəstəkarlarının caz əsərləri daxil idi.
C.Qarayevin yaradıcılığında 1976-cı ildə bəstələdiyi “Fortepiano sonatası” xüsusi yer tutur. Burada sonata forması bədii təfəkkürün dərin milli zəmininə əsaslanır.
Qara Qarayevin Ev-Muzeyinin direktoru Züleyxa Qarayeva-Bağırova ailəsi adından tədbirə gələn hər kəsə təşəkkürünü bildirdi. Xatirələrini bölüşərək C.Qarayevin özlərinə böyük qardaş olmaqla bərabər, həm də ən yaxın bir dost olduğunu vurğuladı: “O, hər zaman bizimlə vaxt keçirməyə çalışardı. Onun parlaq düşüncələrində bir-birindən maraqlı ideya və arzular və eləcə də bu arzulardan qanadlanan musiqilər var idi. Bir daha onun işıqlı xatirəsini yad etdiyiniz üçün minnətdaram”.
C.Qarayevin tələbəsi, Bakı Musiqi Akademiyasının dosenti Arzu Rzayeva müəllimi ilə bağlı xatirələrini bölüşdü: "Onunla ünsiyyət olduqca maraqlı idi. Bizi musiqiyə cəlb edir və əsl musiqiçi kimi mənəvi dəyərlərlə yaşayırdı. Tələbələrinə qarşı qayğıkeş və diqqətli idi. Tələbələri ilə yaş fərqi az olduğundan bizimlə dost münasibəti saxlayar, problemlərimizə diqqətlə yanaşardı. O, musiqi əsərinin mətninə həssas yanaşar, istənilən əsəri möhtəşəm təqdim etmə bacarığı ilə seçilirdi. Zərif və incə musiqi zövqü var idi. Dərslərimiz bayram əhvalında keçərdi. Cahangir müəllimin parlaq, gülərüz obrazı biz tələbələrinin yaddaşına əbədi həkk olunub”.
Moskva Konservatoriyasının (BMA) professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev C.Qarayevlə bağlı xatirələrini dilə gətirdi: “O, hərtərəfli istedad sahibi idi. Bakıda ilk elektron musiqi konserti vermiş və bu təşəbbüs hadisəyə çevrilmişdi. Cahangir akademik musiqidə də özünəməxsusluğu ilə seçilirdi. İlk əsərim də Cahangir tərəfindən böyük bacarıqla təqdim edilmişdi. Sonradan onunla birlikdə işlədik. Onun qəlbində həmişə sevgi dolu caz notları da yer alırdı”.
Daha sonra tədbir bədii hissə ilə davam etdi. BMA-nın professoru, Xalq artisti Ülviyyə Hacıbəyova C.Qarayevin "Pyeslər", beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli "Sonata", Səidə Tağızadə Qara Qarayevin "İnsan məskən salır" filminə yazdığı musiqidən parçanı və Xalq artisti Salman Qəmbərli "Caz improvizasiyası" əsərini təqdim etdilər. Bütün ifalar alqışlarla qarşılandı.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.