az | ru | en

5 fevral 2020
Qara Qarayev - 102




5 fevral 2020-cil tarixində saat 12:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Qara Qarayevin Fəxri Xiyabanda məzarını ziyarət etmişlər, 13:30-da Qara Qarayevin Ev Muzeyində dahi bəstəkarın anadan olmasının 102 illiyinə həsr olunan tədbir keçirilmişdir.
Tədbiri açıq elan edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova qonaqları salamladı. Diqqətə çatdırdı ki, dahi bəstəkar Qara Qarayevin doğum günü ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd edilir: “Sevindirici haldır ki, artıq ikinci dəfədir böyük sənətkarın doğum günü ilə bağlı tədbiri onun ev-muzeyində keçiririk. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan bu muzey bəstəkarın irsinin gənc nəslə təbliğində mühüm əhəmiyyətə malikdir”.
Direktor həmçinin bildirdi ki, tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda səfərdə olan Moskva şəhəri Qara Qarayev adına Musiqi məktəbi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Moskva şəhərində dahi bəstəkarın adını daşıyan musiqi məktəbi ilə əməkdaşlıqdan söz açan Alla Bayramova dedi ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyi məktəbə hər zaman dəstək göstərir, Qara Qarayevin yaradıcılığı, not yazıları və həyat və fəaliyyətini əks etdirən stendin yaradılmasında yaxından iştirak edib.
Qara Qarayev Ev-Muzeyinin filial müdürü, pianoçu Züleyxa Qarayeva-Bağırova atasının xatirəsini əziz tutub yad etdikləri üçün təşəkkürünü bildirdi: “Ailə olaraq atamın sağlığında bu tarixi həmişə dostların, qohumların, atamın sevimli tələbələrinin əhatəsində qeyd edərdik. Bu gün illər keçib, özü dünyada olmasa da, yenə də sevənləri bir araya gəlib onu yad edirlər. Bu sevgiyə görə hər kəsə minnətdaram”.
Moskva şəhər Musiqi məktəbinin müəllimi Valeri Matryaşin dahi bəstəkarın ev-muzeyi ilə tanışlıqdan məmnunluğunu ifadə etdi. O, Qara Qarayevin adını daşıyan məktəbdə hər il bəstəkara həsr olunmuş müsabiqənin keçirildiyini diqqətə çatdırdı.
Daha sonra Moskva şəhər Qara Qarayev adına Musiqi məktəbinin müəllim və şagirdi, G.Şaroyev adına ¹35 musiq məktəbinin şagirdi, Beynəlxalq Müsabiqələr laureatı Şirin Əmiraslanova, Azərbaycan Respublikasının Əməkdar artisti Adilə Əliyeva bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim etdilər.
Konsert proqramından sonra Alla Bayramova qonaqların diqqətinə çatdırdı ki, ötən il Qarayevlər ailəsi üçün daha bir əlamətdar tarixlə yadda qalıb. Qara Qarayevin qardaşı, görkəmli cərrah Mürsəl Qarayevin 100 illik yubileyi qeyd edilib. Bu gün Mürsəl Qarayevin (1919-1975) 100 illiyinə həsr edilmiş film nümayiş olunacaq.
Şair-publisist Səlim Babullaoğlu çıxış edərək vurğuladı ki, bir ailənin görkəmli üzvünü xatırlayarkən digər üzvlərin də millət, xalq üçün layiqli vətəndaş olduğunu görürük: “Bu ailənin üzvlərindən Azərbaycan elminə, mədəniyyətinə şöhrət qazandıran görkəmli şəxsiyyətlər yetişib. Bu insanlardan biri də Azərbaycan tibb elmində böyük xidmətləri olan Mürsəl Qarayevdir”.
Daha sonra Mürsəl Qarayevə həsr edilmiş “Cərrah” sənədli filmi nümayiş olundu. Filmin ssenari müəllifləri Səlim Babullaoğlu və Əməkdar artist Rafiq Həşimov, rejissoru Rafiq Həşimov, operatoru Rüfət Süleymanovdur.
Tədbirdə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin Aparat rəhbəri Fikrət Babayev və musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdi.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.