az | ru | en

17 may 2019
Muzeylər Park Bulvarın qonaqları




Mayın 17-də Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-in dəstəyi ilə “Muzeylər Park Bulvarın qonaqları” adlı tədbir keçirildi.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə muzeylərin nümayiş etdirdiyi eksponatlarla tanış oldular.
Açılış mərasimində çıxış edən Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, 3 gün (17, 18, 19 may) davam edəcək tədbirə Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçərişəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyi, Bülbülün memorial muzeyi, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi qatılıb. Layihə çərçivəsində iştirakçı muzeylər müxtəlif proqramlar təqdim edəcəklər.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, bu əlamətdar gün ölkəmizdə də müxtəlif tədbirlərlə geniş qeyd olunur. Həmçinin ölkə muzeylərinə ödənişsiz ziyarət etmək imkanı yaradılır.
Nazir muzeyləri xalqımızın tarixini, mədəniyyətini özündə qoruyub saxlayan, insanlara təqdim edən böyük bir xəzinə adlandırdı: “Muzey eksponatları -xalqımızın bu böyük mədəni sərvəti təkcə muzeylərdə deyil, belə məkanlarda da nümayiş olunmalıdır. İnanıram ki, bu tədbir təkcə paytaxt sakinlərinin deyil, şəhərimizin qonaqlarının da marağına səbəb olacaq”.
Əbülfəs Qarayev belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd etdi, muzey ictimaiyyətinə əlamətdar gün münasibətilə təbriklərini çatdırdı.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Park Bulvar AVM-in rəhbəri Ali Yüksəl, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək Beynəlxalq Muzeylər Gününün əhəmiyyətini qeyd etdilər. Bildirildi ki, muzeylər ənənəvi mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan xalqının zəngin mədəni irsini qorumaqla yanaşı, həm də təbliğ edirlər.
Tədbir daha sonra konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd edilir. Bu il əlamətdar gün “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” mövzusuna həsr edilib.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.