az | ru | en

15 yanvar 2019
Firəngiz Əlizadə ilə görüş


Yanvarın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçirilib.
Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində reallaşıb.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Firəngiz Əlizadənin Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söhbət açıb. Bildirib ki, o, bəstəkar, pianoçu, dirijor, musiqişünas, pedaqoq, ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb, yaradıcılığı ilə milli mədəniyyətimizi ölkəmizdən kənarda da parlaq şəkildə təmsil edir. Onun böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri mötəbər konsert səhnələrində böyük triumfla səslənir, dünyanın adlı-sanlı ifaçılarının repertuarını bəzəyir.
Firəngiz xanımın yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edilib ki, onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş Beşik” və “Stadt Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” və müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərləri, violonçel və orkestr üçün konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünya miqyasında tanınır.
Mədəniyyət naziri Əbülfəs Qarayevin tövsiyəsi ilə bu ildən başlayaraq muzeydə görkəmli bəstəkarlarla silsilə xarakterli görüşlər keçiriləcəyini söyləyən A.Bayramova deyib: “Artıq üç aydan bir qədər çox müddət ərzində fəaliyyət göstərən muzeydə bu silsilədən ilk görüşü Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi və layiqli davamçısı, Xalq artisti Firəngiz Əlizadə ilə keçirməyə qərara aldıq”.
Sonra söz qonağa verilib. Keçdiyi ömür yolundan, yaradıcılıq planlarından danışan F.Əlizadə onun həyatında müəllimi, görkəmli bəstəkar Qara Qarayevin mühüm rol oynadığını söyləyib. O deyib: “Qara Qarayevin gənclik illərini keçirdiyi bu ev müqəddəs bir məkandır. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edən tələbələri, ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi də alıblar. Qara Qarayev çox təvazökar, ziyalı insan idi. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayacaq”.
Sonra bəstəkarın videoçarx vasitəsilə “Nasimi Passion” əsəri təqdim edilib.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.