az | ru | en

20 sentyabr 2018
“AZƏRBAYCAN OPERA SƏHNƏMİZİN NİGARI”


20 sentyabr 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli müğənni,SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Firəngiz Əhmədova unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən klassik opera səhnəmizin qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoymuşdur. Firəngiz xanım opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapmış, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olmuşdur.
Firəngiz Əhmədovanın Azərbaycan radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyi böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olmuşdur.
Görkəmli müğənninin 90 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova, Bakı Musiqi Akademiyasının vokal kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti Xuraman Qasımova, “Firəngiz Əhmədova” kitabının müəllifi şairə Kəmalə Abıyeva görkəmli müğənnin parlaq yaradıcılıq yolundan danışmış, onun haqqında xoş xatirələrini bölüşmüşlər. Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuş, Firəngiz Əhmədovanın səs yazıları səslənmişdir.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Əməkdar artistlər İlahə Əfəndiyeva, Tural Ağasıyev, Fəridə Məmmədova, Səbinə Vahabzadə, Beynəlxalq Müsabiqələr laureatı Nərgiz Ağayeva, Azərbaycan Dövlət Musiqili Teatrının solisti Türkel Tariqpeyma, Prezident təqaüdçüsü Kamil Həsənov, Bakı Musiqi Akademiyasının tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr laureatı Mahir Tağızadə, konsertmeystr Dilarə Kərimovanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.