9 aprel 2024
Xuraman Qasımova
Qasımova Xuraman Əkrəm qızı (6 iyun 1951-ci ildə Bakı şəhəri) - məşhur Azərbaycan opera müğənnisi-soprano ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini A.S.Puşkin adına 23 №-li məktəbdə almışdır. Uşaqlıqdan mahnı oxumağı sevirdi. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasının ifaçılıq şöbəsinin vokal fakültəsinə (görkəmli Azərbaycan müğənnisi, professor Sövkət Məmmədovanın sinfinə) daxil olmuşdur. Daha sonra dosent İ.A.Lvoviçin sinfində təhsilini davam etdirmişdir. Təhsilini uğurla tamamlayaraq 1976-cı ildə o, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının opera qrupuna işə qəbul olunmuşdur. Hələ məktəbli olarkən 60-cı illərin ortalarında Xuraman Qasımova Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 3 bədii filmində çəkilmişdir: "Liftçi qız", "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır". 1969-cu ildə Ukraynanın Xarkov şəhərində keçirilən "Prometey 69" Ümumittifaq kinofestivalında "Mən ki gözəl deyildim" filmindəki Səidə roluna görə ən yaxşı qadın ifaçısı adına və birinci dərəcəli diploma layiq görülmüşdür.
Opera teatrına gəldikdən sonra artıq müəyyən aktyor təcrübəsinə malik olaraq o tez bir zamanda repertuara daxil olur. Onun ilk rolları Məmməd Quliyevin "Aldanmış ulduzlar" operasında Salma, Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasında Xanım rolu olur. Daha sonra Nazim Əliverdibəyovun "Cirtdan" uşaq operasında Cırtdan baş rolunu ifa edir.
1977-ci ilin qışında Xuraman musiqiçi-ifaçıların IV ənənəvi Zaqafqaziya müsabiqəsinin iştirakçısı olur və solo oxuma nominasiyasında birinci mükafata və laureat adına layiq görülür.
1977-ci ilin payızında o, Daşkənddə keçirilən M.Qlinka adına Vokalçıların VIII Ümumittifaq müsabiqəsinin laureatı olur. Əldə olunmuş mükafatlar və yaradıcılıq uğurları onu yeniliklərə ruhlandırırdı. Beləki, Xuraman 1981-ci ildə "Mariya Kallas" adına Vokalçıların ənənəvi beynəlxalq müsabiqəsində birinci mükafata və müsabiqənin ali mükafatı olan "Qran-Pri" - qızıl medala layiq görülmüşdür. Mükafatı ona müsabiqənin munsiflər heyətinin sədri, XX əsrin görkəmli müğənnisi Tito Qobbi təqdim etmişdir.
Müsabiqə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilirdi. O dövrdə Xuraman "Mariya Kallas" müsabiqəsinin laureatı olmuş Sovet İttifaqının ilk gənc müğənnisi olmuşdur.
Bu cür yüksək nailiyyət onda özünə daha çox inam yaradır və Xuraman 1982-ci ildə P.İ.Çaykovski adına ən nüfuzlu müsabiqədə iştirak etmək qərarına gəlir. Üç turu keçərək o gümüş medalla fəxri ikinci yerə və "Solo ifaçılıq" kateqoriyasında P.İ.Çaykovski adına VII Beynəlxalq müsabiqəsinin laureatı adına layiq görülmüşdür. Bu gün o, bu cür nüfuzlu müsabiqədə laureat olmuş yeganə Azərbaycan ifaçısıdır.
1982-ci ilin iyulunda Xuraman Qasımova Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüdür. Əldə olunmuş mükafatlar və adlar ona ölkədə böyük şöhrət gətirmişdir. O, tez-tez qastrollara getməyə başlayır. Onun uğurlu çıxışları Moskva, Sankt-Peterburq, Avstriya, İngiltərə, ABŞ, Yuqoslaviya, Yunanıstan, Malta, Sisiliya, İspaniya və başqa yerlərdə alqışlarla qarşılanmışdır. Opera teatrının səhnəsində o, saysız-hesabsız obrazlar yaratmışdır: C.Puççininin "Bohema" operasında Mimi və Müzetta, P.İ.Çaykovskinin "Yevgeni Onegin" operasında Tatyana, C.Verdinin "Otello" operasında Dezdemona, C.Puççininin eyni adlı operasında Toska, C.Verdinin "Aida" operasında Aida, F.Əmirovun "Sevil" operasında Sevil və Dilbər, M.Maqomayevin "Nərgiz" operasında Nərgiz, V.Adıgözəlovun "Natəvan" operasında Natəvan” və bir çox başqaları.
1982-ci ildən Xuraman Qasımova yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlər Konservatoriyasının vokal kafedrasında pedaqoji fəaliyyətlə də məşğul olmağa başlayır.
1984-cü ildə uğurlu konsert-kamera fəaliyyətinə görə Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülür.
1986-cı ildə Xuraman Qasımova Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür. Müğənninin Qərbi Avropa müəlliflərinin, rus musiqi klassiklərinin əsərləri daxil olan konsert-kamera repertuarının diapazonu çox genisdir. Onun yaradıcılığında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları xüsusi yer tutur.
1994-cü ildən hazırkı dövrədək o, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo ifaçılığı" kafedrasının müdiri vəsifəsində çalışır.
1996-cı ildə professor adına layiq görülmüşdür.
1994-1997-ci illər ərzində Xuraman Qasımova müqavilə əsasında İstanbul Universiteti nəzdindəki konservatoriyada professor kimi fəaliyyət göstərmiş, bir çox gənc ifaçıların yetişməsində xüsusi rol oynamışdır.
Bu gün Xuraman Qasımovanın onlarla tələbələri nəinki ölkəmizin, həmçinin dünyanın bir çox ölkələrinin opera və konsert səhnələrində uğurla çıxış edirlər.
Azərbaycan dövləti Xuraman Qasımovanın xidmətlərinin yüksək qiymətləndirmişdir.
2001-ci ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə Xuraman Qasımova vokal sənəti sahəsində böyük yaradıcılıq uğurlarına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Xuraman Qasımova ölkənin musiqi mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunmuşdur.
5 iyun 2021-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı naminə uzunillik və məhsuldar fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımovanın "İstiqlal" ordeni ilə təltif olunmsı haqqında sərəmcam imzalamışdır.
|
|