9 aprel 2024
Fidan Qasımova
Qasımova Fidan Əkrəm qızı (17 iyun 1947, Bakı) - qörkəmli Azərbaycan opera müğənnisi. Ziyalı ailəsində anadan olmuşdur. 7 yaşından musiqi istedadı olan uşaqlar üçün Bülbül adına xüsusi ümumtəhsil məktəbində, skripka sinfində təhsil almışdır. Uşaqlıqdan onda musiqiyə həvəsi valideynləri oyatmışlar. 1967-ci ildə məktəbi bitirdikdən sonra Fidan Qasımova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq şöbəsinin skripka sinfi üzrə simli fakültəsinə qəbul olmuşdur.
Hələ məktəb illərindən o çox istedadlı və səbrli şagird idi. II kursda tələbə ikən Fidan Qasımova paralel olaraq vokal kafedrasında vokal dərslərinə də gedirdi. Pedaqoqlar onda vokal qabiliyyətini çoxdan hiss etmişlər. Onun vokal üzrə pedaqoqları N.R.Valatsi (bir il), vəfatından sonra isə İ.A.Lvoviç olmuşdur. Vokal uğurları çox tez bir zamanda öz bəhrəsini verməyə başladı. Həm skripka ifaçısı kimi, həm də vokalçı kimi Fidan Qasımova çox isdedadlı və uğurlu tələbə idi. Ona görə də, 1972-ci ildə ona ən yaxşı tələbələrdən biri kimi konservatoriyanın yaranmasının 50 illiyinə həsr olunmuş yubiley konsertində çıxış etmək etibar edilmişdi.
O, maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrin müşayiəti ilə A.Zeynallının "Ölkəm" romansını oxumalı idi. Onun çıxışı çox uğurlu olmuşdu. Zalda olan görkəmli musiqiçilər və respublika rəhbərliyi səhnədə yeni ulduzun yarandığını qeyd edirdilər.
Fidan Qasımovaya vokal təhsilini Moskva konservatoriyasının aspiranturasında davam etdirmək tövsiyə olunmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını "Skripka" və "Solo oxuma" sinfi üzrə iki diplomla bitirdikdən sonra o, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının vokal şöbəsinə aspirant qəbul olunur. O, çox tez bir zamanda bu sənətin incəliklərinə yiyələnir və tezliklə onun vokal imkanları yenidən üzə çıxır.
1973-cü ildə Cenevrədə (İsveçrə) Vokalçıların Beynəlxalq müsabiqəsində Fidan Qasımova gümüş medala və laureat adına layiq görülür. 1974-cü ildə o Hollandiyada keçirilən müğənnilərin Beynəlxalq müsabiqəsində uğurla çıxış edərək ikinci dərəcəli diplom və laureat adına layiq görülür. Aspiranturada təhsilini müvəffəqiyyətlə başa vuran Fidan Qasımova üçüncü diplomla, Beynəlxalq musabiqələr laureatı kimi Bakıya qayıdır və Azərbaycan Dövlət Konservatoriyasının doğma vokal kafedrasında pedaqoji fəaliyyətə başlayır. Moskva təhsili zamanı əldə etdiyi qələbələr o illərin musiqi aləmində ona böyük şöhrət gətirir.
Onu tez-tez Moskva, Sankt-Peterburq, Minsk, Tbilisi, Vilnüs və s. məşhur musiqi kollektivləri ilə çıxışlara dəvət edirdilər. Dövlər Konsert birliyi xətti ilə xarici qastrollar da başlamışdı. Tanınmış musiqi tənqidçiləri və vokal üzrə mütəxəssislər onun çıxışlarına yüksək qiymət verir, həmişə heyranlıqla onun ifasını, vokal zövqünü, ustalığını qeyd edir və onu "Xəzər sahillərindən möcüzə" adlandırırdılar.
1975-ci ildə Fidan Qasımovanı M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist kimi işə dəvət edirlər.
1976-cı ildə o, ilk opera rolunu - Ü.Hacıbəyovun "Koroğlu" operasının yeni premyera quruluşunda Nigarın partiyasını çox böyük uğurla ifa edir.
1977-ci ildə Verçelli şəhərində (İtaliya) keçirilən Viotti adına musiqiçi-ifaçıların Beynəlxalq müsabiqəsində iştirak etmiş və vokal kateqoriyasında birinci mükafata və müsabiqənin laureatı adına layiq görülür. Bu qələbə Sovet İttifaqında gənc müğənniyə böyük uğur gətirdi. Fidan Qasımova Azərbaycan musiqi mədəniyyəti tarixinə bizim vokal məktəbini beynəlxalq Avropa səviyyəsinə qaldıran ilk müğənni kimi daxil olmuşdur.
1978-ci ildə Fidan Qasımova Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Onun çıxışları dünyanın bir çox ölkələrində alqışlarla qarşılanmışdır: Macarıstan, Çexiya, İsveçrə, Niderland, İtaliya, Portuqaliya, Fransa, Almaniya, Avstriya, Çin, Mərakeş, ABŞ, İngiltərə, Danimarka və s.
Fidan Qasımova Moskva və Sankt-Peterburqun ən mötəbər səhnələrində həm solo konsertlərlə, həm də opera tamaşalarında dəfələrlə çıxış etmişdir. O, Böyük Teatrın, Mariinski Teatrının səhnələrində çıxış etmişdir. Moskvada İttifaqlar Evinin Sütunlu zalında, P.İ.Çaykovski adına konsert zalında, Moskva Konserrvatoriyasının Böyük və Kiçik zallarında, həmçinin “Musiqi Evi”nin səhnəsində solo və digər böyük musiqi konsrtlərilə çıxış etmişdir.
1983-cü ildə Fidan Qasımova Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.
1984-cü ildə Fidan Qasımova qastrol və konsert-kamera fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.
1972-ci ildə "Melodiya" Ümumittifaq səsyazıları studiyası Üzeyir Hacıbəyovun bütün dünyada məşhur olan "Arşın mal alan" operettasının qramvalını buraxır. Səsyazıda dahi maestro Niyazinin rəhbərliyi ilə Azərbaycan Dövlət simfonik orkestri iştirak edirdi. Əsas partiyaları Rəşid Behbudov, Fidan Qasımova Gülçöhrə partiyasını, gənc Xuraman Qasımova Asya partiyasını ifa etmişlər. Qramval üç dildə: Azərbaycan, rus və fars dillərində işıq üzü görmüşdür.
Fidan Qasımova səhnədə yadda qalan obrazların qalereyasını yaratmış və ifa etmişdir: Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Nigar, Fikrət Əmirovun "Sevil" operasında Sevil, Ş.Qunonun "Faust" operasında Marqarita, J.Bizenin "Karmen" operasında Mikaela, C.Puççininin "Bohema" operasında Mimi, C.Puççininin eyni adlı operasında Toska, C.Puççininin "Madam Batterflyay" operasında Çio-Çio-San, P.İ.Çaykovskinin "Yevgeni Onegin" operasında Tatyana və s.
Məşhur musiqiçilər və musiqi tənqidçiləri onun yüksək ifaçılıq mədəniyyətini, xarici gözəlliyinin daxili ruhuna son dərəcə uyğunluğunu qeyd edirdilər. Onlar məlahətli, adama zövq verən tam diapazonlu soprano səsi, yüksək notların çox təmiz və dolğun səslənməsi və səsin pianoda məftunedici müstəsna gözəlliyini xüsusi qeyd edirdilər. İfaçının böyük ustalığının bütün bu keyfiyyətləri Fidan Qasımovada yaradıcılıq fəaliyyətinin uzun illəri ərzində özünü göstərmiş və onu "Bel canto" sənətinin ən yaxşı ustaları səviyyəsinə gətirmişdir.
1988-ci ildə Fidan Qasımova layiqincə SSRİ Xalq artisti yüksək fəxri adını almışdır.
1990-cı ildə professor dərəcəsini alır və ifaçılıq fəaliyyətini peqaqoji fəaliyyəti ilə bərabər uğurla davam etdirirdi.
1992-1997-ci illərdə Fidan Qasımova müqavilə ilə İstanbul Dövlər Universiteti nəzdindəki Konservatoriyada vokal professoru vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası hökuməti Fidan Qasmovanın Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirmişdir.
1997-ci ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Fidan Qasımovanı "Şöhrət" ordeni ilə təltif etmişdir. 2010-cu ildə Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev Fidan Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fidan Qasımovanı Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı sahəsindəki xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif etmişdir.
2015-ci ildə Fidan Qasımova Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyanın 38-ci cildində dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb. Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə müğənnidir.
Hal-hazırda Fidan Qasımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma" kafedrasının aparıcı professorudur. Məşhur müğənni, ustad və pedaqoq yeni ifaçılar nəsli yetişdirərək gənclərlə uğurla məşğul olur.
Fidan Qasımova onlarla mahir vokalçılar hazırlamışdır. Onların bir çoxu beynəlxalq müsabiqələr laureatları, respublikanın Əməkdar, Xalq artistləri, Bakı və xarici ölkə opera teatrlarının və musiqi kollektivlərinin solistləridir. Bu gün onlar bütün dünyada Azərbaycan vokal məktəbini uğurla təmsil edirlər.
|
|