12 iyun 2026
Aşıq Kərəm İncəlinin xatirəsinə həsr olunmuş guşənin açılış mərasimi
12 iyun 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Kərəm İncəlinin xatirəsinə həsr olunmuş guşənin açılış mərasimi keçirilmişdir.
Guşə "Goja Media"nın rəhbəri Ramil Qocanın təşəbbüsü ilə yaradılmışdır.Ustad sənətkarın oğlu Valeh Nəsibov tərəfindən muzeyə 70 dən çox əşya hədiyyə edilmişdir. Bunlar aşığın səhnə geyimi, medalları, sazı, şəxsi əşyaları, fotolar vəsairədir.
Açılış mərasimində giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir.
Sonra muzeyin direktor müavini Təranə Zeynalova Aşıq Kərəm İncəlinin həyat və yaradıcılığı, Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətləri, eləcə də sənətkarın zəngin yaradıcılıq irsi haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin poeziya şöbəsinin rəhbəri, şair İbrahim İlyaslı, fiologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Məti Osmanoğlu, şair - jurnalist, Cümşüd İsgəndər, şair Rafael İncəyurd, şair Bayram Aşıqlı, folklorşünas, Azərbaycan Dövlət Televiziyasının rejissoru İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif və digər Aşıq Kərəm İncəlinin Azərbaycan aşıq sənətindəki xidmətlərindən, yaradıcılığından bəhs etmişlər.
Sonra fiologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxışı zamanı muzeyə Aşıq Kərəm İncəlinin suvenir büstünü hədiyyə etmişdir.
Daha sonra Aşıq Kərəm İncəlinin xanımı Gülnarə Nəsibova, oğlu Valeh Nəsibov, qardaşı oğlu Dursun Nəsibov çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşmüşlər. "Goja Media"nın rəhbəri Ramil Qoca bu guşənin yaradılmasında dəstək olduqları üçün muzeyin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Tədbirin bədii hissəsində Aşıq Kərəm İncəlinin tələbəsi Aşıq İlham Aslanbəyli və Aşıq Firudin Göyçaylının şagirdi Cavid Abbasov aşıq havaları ifa etmişlər.
Tədbirdə Aşıq Kərəm İncəlinin ifalarında video yazılar nümayiş olunmuşdur.
Tədbirlər
|