13 may 2026
Qara Qarayevin anım gününə həsr olunmuş xatirə gecəsi
13 may 2026-cı il il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkarın anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırovanın məktubunu tamaşaçılar üçün səsləndirmişdir.
Tədbirdə muzeyin filial müdiri Lətifə Məmmədova bəstəkarın həyat və yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri haqqında çıxış etmişdir.
Daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşri olan layihənin müəllifi və elmi redaktoru Alla Bayramova çıxış edərək, Qara Qarayevin iki romansı - Bella Axmadulinanın şeirlərinə səs və fortepiano üçün yazılmış "Tikanın xatirəsinə" və "Mənə çox vaxt ayırma" romanslarının daxil edildiyi kitabı iştirakçılara təqdim etmişdir.
Kitabın kompüter not qrafikası isə Yavər Neymətli tərəfindən hazırlanmışdır.
Tədbirin bədii hissəsində romanslar ilk dəfə Azərbaycan Dövlət Akademik Musiq ili Teatrının solisti Yuliya Heydərova tərəfindən ifa olunmuş, onu Bakı Musiqi Akademiyasının baş müəllimi Nərminə Hacızadə müşayiət etmişdir.
Əməkdar İncəsənət Xadimi, BMA-nın professoru, bəstəkar Elnarə Dadaşova və musiqişünas, pedaqoq, publisist Raya Abbasova Qara Qarayev haqqında xatirələrini tamaşaçılarla bölüşmüşlər.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, AMK-nın nəzdində Musiqi Kolleci və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagird və tələbələrinin ifasında dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Sonda Cəlal Abbasovun Qara Qarayevin xatirəsinə həsr etdiyi "Postlüdiya əsərinin lent yazısı musiqisevərlərə təqdim edilmiş, muzeyin direktoru Alla Bayramova tərəfindən nəşr olunmuş kitablar musiqi xadimlərinə hədiyyə olunmuşdur.
Tədbirlər
|