18 aprel tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Beynəlxalq Ev-Muzeyləri Günü münasibətilə gənc virtuoz Fərid Zeynalovun solo konserti keçirilmişdir. Fərid Zeynalov - Respublika və Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının X sinif şagirdidir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, beynəlxalq əhəmiyyətli bu günün mahiyyətindən və gənc istedadların yetişməsində muzey mühitinin rolundan bəhs etmişdir.
Konsertin bədii hissəsi yüksək ifaçılıq mədəniyyəti və dərin emosional palitrası ilə yadda qalmışdır. Proqramın konseptual rəngarəngliyi xüsusi rəğbət doğururdu: Bethovenin ciddi akademik üslubundan Şopenin lirik dramatizminə, Rahilə Həsənova, Fərəc Qarayev və Fazil Sayın mürəkkəb fəlsəfi dünyasından dahi Qara Qarayevin ölməz irsinə qədər keçilən yol ifaçının geniş yaradıcılıq diapazonundan xəbər verirdi. Qara Qarayevin ev-muzeyinin aurasında bu əsərlərin səslənməsi xüsusi simvolik məna kəsb edirdi.
İncəsənətə olan bu sonsuz sevgi və peşəkar yanaşma fundamental təməllərə söykənir. Bu uğurun arxasında dayanan böyük zəhmətə və göstərdiyi peşəkar rəhbərliyə görə pedaqoq, fəlsəfə doktoru Sevda xanım Ağayevaya dərin minnətdarlığımızı bildiririk.
Fəridə gələcək ifaçılıq yolunda müvəffəqiyyətlər arzulayırıq!
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.