26 fevral 2026
26 FEVRAL - YADDAŞLARA QANLA YAZILAN TARİX
26 fevral 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə "Xocalı - qan yaddaşımızdır!" tədbiri keçirilmişdir.
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Əzirə Abdullayeva tədbiri giriş sözü ilə açaraq "Yaddaşlara qanla yazılan tarix" mövzusunda çıxış etmişdir.
Tədbirdə Xocalı hadisələri zamanı itkin düşmüş Yalçın Əsədovun ailə üzvləri iştirak etmişlər. Könül və Təranə Əsədovalar vətənpərvər qardaşları haqqında xatirələrini bölüşdülər, həmin ağır günlər, sönməyən acıları haqqında danışıb, bu gün azad Xocalının onların böyük təsəllisi olduğunu bildirmişlər. Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin İnsan resursları şöbəsinin müdiri, "Qızıl qələm" mükafatı laureatı Nazlı Yazar Xocalı faciəsi haqqında çıxış etmiş, öz şeirini təqdim etmişdir.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblının solistləri - Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova, ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifov, Leyla Səmədzadənin ifalarında Xocalı şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqi proqramı təqdim olunmuşdur.
Tədbir "Soyqırımın izi ilə" sənədli filminin nümayişi ilə davam etmişdir.
Tədbirlər
|