3 dekabr 2025
"ORQAN İFAÇISI RƏNA İSMAYILOVA" KİTABININ TƏQDİMATI
3 dekabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış orqan ifaçısı, Əməkdar artist, dosent Rəna İsmayılovanın 75 illiyinə həsr olunmuş "Orqan ifaçısı Rəna İsmayılova" kitabının təqdimat mərasimi keçirilmişdir. Kitabın müəllifi musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovadır.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açmışdır. Daha sonra söz tədbirin aparıcısı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızına verilmişdir.
Tədbirdə müəllif - musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zemfira Qafarova kitab üzərində yaradıcılıq prosesi, bacısı ilə birgə böyüdükləri yaradıcı mühit, musiqi dünyasında keçdikləri yol haqqında danışdı.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Bəstəkarlar İttifaqının katibi, Xalq artisti, professor Elnara Dadaşova, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, musiqişünas, jurnalist Raya Abbasova, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, Rəna İsmayılovanın tələbələri - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Fidan Nəsirova-Əhmədova, musiqişünas və vokal ifaçısı Sevinc İbrahimova, musiqişünas Natavan Əhmədova təbrikləri, xoş arzuları ilə çıxış etmiş, Rəna İsmayılovanın yaradıcılıq xüsusiyyətləri, pedaqoji fəaliyyəti, nailiyyətləri haqqında danışmışlar.
Tədbirin bədii hissəsində Rəna İsmayılovanın ifasında Firəngiz Əlizadə, Elnara Dadaşova, Cəlal Abbasovun orqan üçün əsərlərindən fraqmentlərin lent yazıları səslənmiş, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar artist Elnarə Kəbirlinskaya (f-no), Sevinc İbrahimova (vokal, f-no) çıxış etmişlər.
Tədbirin sonunda Əməkdar artist Rəna İsmayılova xoş xatirələri ilə çıxış etmiş, təşəkkürünü bildirmişdir.
Tədbirlər
|
|