13 fevral 2025
ADİL BƏBİROV - 90
13 fevral 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Adil Bəbirovun 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə çıxış etmişdir. Daha sonra muzeyin şöbə müdiri Xanım Abdinova Adil Bəbirovun həyat və yaradıcılıq yolu haqqında çıxış etmişdir. Xatirə gecəsində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor, Əməkdar incəsənət xadimi Nazim Kazımov, bəstəkar və musiqi tədqiqatçısı Şahin Qarayev, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Məmmədağa Umudov çıxış edərək Adil Bəbirovun Azərbaycan musiqisi mədəniyyətinin inkişafı və zənginləşməsində əvəzsiz xidmətləri haqqında danışmışlar. Bütün çıxışlar slayd-şou ilə nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının (Bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifovdur), Xalq artisti Teyyub Aslanov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Davud Abdullayev (tar), Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Abbas Abdullazadə (f-no), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Mədinə Səlimova, Musiqi Kollecinin tələbəsi Aytən Məmmədova (kamança), konsertmeysteri Mehriban Kərimovanın ifalarında Adil Bəbirovun əsərlərindən ibarət konsert proqramı təqdim olunmuş, Qara Qarayev adına Kamera Orkestrinin ifasında (dirijor Xalq artisti Teymur Göyçayev, violin ifaçısı Rüfət Əmirəliyev) "Violin və orkestr üçün Dilogiya"əsərindən videofraqment nümayiş olunmuşdur.
Sonda Adil Bəbirovun hal-hazırda Kanadada yaşayan qızı Aytən Bəbirova videomüraciətində tədbirin təşkilatçısı olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və iştirakçılara təşəkkürünü bildirmişdir.
Tədbirlər
|