az | ru | en

5 fevral 2025


QARA QARAYEV - 107


Bu gün görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 107-ci ildönümüdür.
Bu münasibətlə səhər saatlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad Hüseynov, nazir müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və başqaları, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları və respublikamızın musiqi ictimaiyyəti əbədiyaşar bəstəkarın Fəxri Xiyabandakı məzarını ziyarət etmişlər.
Saat 15:00-də muzeyin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkarın anadan olmasının 107 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova giriş sözü ilə çıxış etmişlər. Qara Qarayevin Ev Muzeyinin müdiri Lətifə Məmmədova görkəmli bəstəkarın həyat və yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzolunmaz xidmətləri haqqında danışmışdır. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsi Qara Qarayevin nəvəsi, ABŞ-da yaşayan tanınmış saksafon ifaçısı, bəstəkar və cazmen Zülfüqar Bağırovun babası Qara Qarayevin doğum günündə səslənməsi üçün bəstələdiyi əsərin audio ifası ilə başladı. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Respublika və Beynəlxalq Müsabiqələr laureatları Qəmər Kərimli (violin), Atabala Manafzadə (f-no), İluzər İbrahimzadə (f-no), Cavidan Rəsulov (klarnet), Cəmalə Abdinzadə (f-no), Aysun Mahmudzadə (vokal), Zəhra-Cahan Şıxəliyeva(f-no),Cəlalə İsmayılzadə (cello), Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Svetlana Əhmədovanın (f-no) ifalarında Qara Qarayevin və Fərəc Qarayevin əsərlərindən ibarət konsert proqramı səsləndi və Qara Qarayev adına Azərbaycan Kamera Orkestrinin (dirijor Elşad Bağırov) ifasının videogörüntüləri nümayiş olundu.
Konsertdən sonra musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxış edərək Qara Qarayevin Mənzil Muzeyinin bütün musiqiçilər və musiqisevərlər üçün doğma ocağa çevrildiyini qeyd edərək konsertdə çıxış edən gənc istedadların gözəl ifalarını təqdir etdi. Azərbaycan musiqisinin fəxri olan böyük bəstəkar Qara Qarayev haqqında tanınmış musiqiçilərin yüksək fikirləri haqqında danışdı.
Sonda TÜRKSOY - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının sabiq baş katibi Düsen Kaseyinov ürək sözləri ilə çıxış etdi.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.