6 dekabr 2024
SƏXAVƏT MƏMMƏDOV - 70
6 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində sevilən Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin parlaq nümayəndələrindən biri, unudulmaz sənətkar Səxavət Məmmədovun 70 illik yubileyinə həsr olunmuş "Azad bir quşdum" adlı ədəbi-bədii gecə keçirilmişdir.
Gecənin əvvəlində Səxavət Məmmədovun ifasının lent yazısı səslənmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Daha sonra söz tədbirin aparıcısı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyinin sədri Səadət Təhmirazqızına verilmişdir. Gecədə Səxavət Məmmədovun yaxınları, sənət dostları, pərəstişkarları - Əməkdar artist Təhmiraz Şirinov, yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, Xalq artisti Əbdül Mahmudov, Bakı Musiqi Akademiyasının elmi işçisi Nigar Bayramova, "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək" İctimai birliyinin prezidenti Tofiq Əlizadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev, "Carçı" jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, rəssam Minayə Feyzullayeva, fərdi təqaüdçü Əli Yunusov onun yaradıcılıq yolu, ifaçılıq sənəti, Azərbaycan muğam sənətinin inkişafında göstərdiyi xidmətləri haqqında danışmış, xatirələrini, ürək sözlərini bölüşmüşlər. Bütün çıxışlar Səxavət Məmmədovun yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur. Tədbirdə Səxavət Məmmədovun ifaları olan nadir videoyazılar nümayiş olunmuşdur.
Tədbirlər
|
|