27 oktyabr 2024
AZƏRBAYCANIN QADIN ŞAİRLƏRİ
27 oktyabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Poeziya və musiqi" layihəsi çərçivəsində Bakıdakı Rus Evi (RİMM) Ədəbiyyat klubunu təşkilatçılığı ilə "Azərbaycanın qadın şairləri" mövzusunda ədəbi-musiqili tədbir keçirilmişdir.
"Azərbaycanın qadın şairləri" poeziya layihəsinin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənovadır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov çıxış etmişlər.
Tədbirdə çoxəsrlik Azərbaycan poeziyası tarixində özünəməxsus yeri olan qadın şairlərimizin yaradıcılığından söhbət açılmışdır. Şərq ədəbiyyatının incisi adlandırılan şairə və musiqiçi Məhsəti Gəncəvi (12 muğamı və onun 24 şöbəsini öyrənmiş, cəng, ud və bərbəd alətlərində ifa etməyi bacarıb), Xan qızı Xurşidbanu Natəvan, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün poeziyasından nümunələr Ədəbiyyat Klubunun üzvləri Lalə Həsənova, Aytən Həsənzadə, Zülfiyyə Babayeva, Mariya Petriyenko, Olqa Şalayeva, Nel Kyüri, Türkan Bayramzadə, Bayram Məhərrəmov, Arzu Muradova, Zivərxanım Məmmədova, Günətay Hüseynova, Ləman Həsənovanın ifalarında Azərbaycan və rus dillərində qiraət olunmuşdur.
Bədii hissədə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı (ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifovdur) və musiqiçiləri Əməkdar artistlər Nuriyyə Hüseynova, Fəzilə Rəhimova (çəng), Təranə Əliyeva (qanun) konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə Aytən Balaşova (kamança), Xəzər Universitetinin rəqs ansamblı (bədii rəhbəri Səbinə İsmayılova), "Academy Sansara Baku" rəqs məktəbinin tələbələrinin ifalarında (bədii rəhbər İrina Tsunkan, xoreoqraf Diana Tsunkan) rəqs nömrələri, Ləman Qulamova (f-no), Bakı Dövlət Universitetinin tələbəsi Murad Muradovun (f-no) ifalarında musiqi proqramı təqdim edilmişdir.
Tədbirlər
|
|