27 sentyabr 2024
27 sentyabrdan qələbəyə doğru
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabr ayında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığı ilə nəticələndi.
Torpaq uğrunda ölən varsa, vətəndir! Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "27 Sentyabrdan Qələbəyə doğru" adlı tədbir keçirilmişdir. Anım tədbiri Azərbaycan Respublikasının Himninin ifası ilə başlamışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin şöbə müdiri Xanımbacı Abdinova, böyük elmi işçisi Əzirə Abdullayeva dövlətçilik tariximizin ən şərəfli səhifələrindən olan II Qarabağ müharibəsi, Vətən müharibəsində döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlıqları haqqında çıxış etmişdir.
Daha sonra şəhid musiqiçi Tamerlan Mahmudovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş edildi. Xalq artisti, pianoçu Murad Hüseynovun “İthaf” əsərinin videoyazısı səsləndirildi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Respublika və Beynəlxalq müsabiqələr laureatı Rəna Zəkiyeva, şagirdlər - Respublika və Beynəlxalq müsabiqələr laureatı Mirnofəl Həsənov, Respublika müsabiqələri laureatları Rəmzi İbişov, Əli Fərəcov, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələri Munir Məmmmədov, İsmayıl Əkbərzadənin ifalarında vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizə həsr olunmuş musiqi proqramı təqdim edildi, "27 Sentyabrdan Qələbəyə doğru" sənədli filmi nümayiş olundu.
Tədbirlər
|