22 iyun 2024
22 iyun 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiali olan Qara Qarayevin Ev Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə "MədəniyyətimİZ" proqramı çərçivəsində bəstəkar-pianoçu, musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova ilə görüş keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və "İRƏLİ" İctimai Birliyinin layihələrlə iş üzrə katibi Riad Cəbrayılov giriş sözü ilə çıxış etmişlər.
Görüşdə Pikə Axundova təhsil illəri, yaradıcılıq yolu, ideyaları və planları, pedaqoji fəaliyyəti, gənc istedadlı gənclərə qayğı və dəstəyi haqqında məlumat verdi. "Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində müasir musiqinin rolu", "Bəstəkarlıq fəaliyyətində yeni, innovativ yanaşmalar: keçmiş ənənələrə baxış" və "İstedadlı gənclərin tanıdılması" mövzuları müzakirə olundu. Pikə Axundova görüş iştirakçılarının suallarını cavablandırdı.
Tədbirin bədii hissəsində Pikə Axundovanın ifasında "Salam, Şuşa", "Tokkata" fortepiano əsərləri və müğənni Zabitə Əliyevanın ifasında bəstəkarın "Qəlbimin səsi" mahnısı təqdim olundu.
"MədəniyyətimİZ" proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir.
Tədbirlər
|
|