6 iyun 2024
6 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə "Musiqidə ədəbi dil normaları" adlı seminar keçirildi.
Tədbiri giriş sözü ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov açdı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya üzrə elmlər doktoru, professor Sevinc Əliyeva çıxışında dilimizin qorunmasına ailədən başlanmalı olduğunu vurğuladı, ədəbi dilimizin zənginliyindən bəhs etdi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Humanitar elmlər" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva çıxış edərək musiqi nümunələrinin mətnlərində Azərbaycan ədəbi dilinin normalarının pozulması halları, aktual problemlər, ədəbi dil normalarına riayət olunması kimi mövzulara toxundular.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə dilimizin inkişafı və təbliğində musiqinin rolunun danılmaz olduğunu bildirdi “Musiqi ilə sözün vəhdəti” adlı məruzə ilə çıxış etdi.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramil Əhmədovun moderatorluğu ilə baş tutan seminarda musiqi mədəniyyətinin inkişafının cəmiyyətimizin müxtəlif sahələrinə təsirindən geniş bəhs edilib. Tədbir zamanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov mahnılarda keyfiyyətli söz seçimi məsələsinə toxunub. O, pianoçu Aydan Cəfərovanın müşayiəti ilə "Könlüm sitəminlə cana yetdi" və "Sənsiz" əsərlərini əyani nümunə olaraq ifa etdi.
Çıxış edənlər milli dəyərlərin inkişafında dil və musiqinin əhəmiyyətindən, mahnı mətnlərində yol verilən nitq qüsurları, üslub və ifadə səhvlərindən də söhbət açaraq musiqinin cəmiyyətin müxtəlif sahələrinə təsirindən ətraflı bəhs etdilər.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırıldı.
Tədbirlər
|
|