17 may 2024
18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə
"Muzeydən təhsilə" adlı tədbir
17 may 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeydən təhsilə" adlı tədbir keçirilmişdir.
Bu il Beynəlxalq Muzeylər Gününün mövzusu "Muzeylər, təhsil və tədqiqat"dır. O, hərtərəfli təhsil təcrübəsinin təmin edilməsində mədəniyyət müəssisələrinin mühüm rolunu vurğulayır və daha şüurlu, dayanıqlı və inklüziv bir dünyanın yaradılmasına təkan verir. Muzeylər təhsil və tədqiqatların bir araya gəldiyi mühüm məkanlardır.
Muzeylərin əsas missiyalarından biri də xalqa məxsus olan maddi-mənəvi sərvətləri müxtəlif kateqoriyalı auditoriyaya təqdim etməkdir. Beynəlxalq Muzeylər Günü Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi muzeyin qonağı olmuşdur. Görmə məhdudiyyətli şagirdlər ətraf aləmi toxunmaqla qavraya bilirlər. Bu onlarda müəyyən əşya və hadisə haqqında təsəvvür canlanmasını təmin edir. Onlara toxunma qabiliyyətindən istifadə etmək üçün imkan yaradılaraq ekskursiya aparılmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun bütün filiallarında aparılan elmi-tədqiqat işləri, elmi araşdırmalar, əldə olunan nəticələr, muzeyin nəşrləri, ali və ümumtəhsil müəssisələri ilə aparılan əməkdaşlıq haqqında məlumat verilmişdir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasının tələbə və şagirdlərinin ifalarında muzeyin tədqiqat işləri və elmi araşdırmaları nəticəsində aşkara çıxarıb redaktə və nəşr etdirdiyi əsərlərdən ibarət konsert proqramı təqdim olunmuşdur.
Konsert proqramında həmçinin muzeyin Qədim Musiqi Alətləri Ansamblı(bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifovdur) və ansamblın solisti Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında rəngarəng musiqi proqramı təqdim olunmuşdur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin musiqi qabiliyyətli şagirdləri muzeyin ansamblının müşayiəti ilə, Əməkdar artist Nuriyyə Hüseynova ilə birgə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də solo ifalarını təqdim etmiş, bədii qiraət numunələri səsləndirmişlər.
Sonda məktəbin direktoru İradə Vəzirova şagirdlərə göstərilən diqqət və yaradılan şərait üçün minnətdarlığını bildirmişdir.
Tədbirlər
|