30 yanvar 2024
2 FEVRAL - AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ
"VƏTƏNİMİZİN İGİD GƏNCLƏRİ"
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. 1997-ci ildə isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlamışdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi mütəmadi olaraq gənclərin asudə vaxtının səmərəli təşkili, Azərbaycanın zəngin mədəni irsi, musiqi mədəniyyəti ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə tədbirlər, layihələr həyata keçirir.
30 yanvar 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "2 Fevral - Azərbaycan gəncləri günü" münasibəti ilə 44 günlük Vətən müharibəsindəki qələbənin memarları Respublika və Beynəlxalq müsabiqələr laureatı, tarzən, qazi Fərid Atazadə və xanəndə, qazi Məbud Əhmədovla "Vətənimizin igid gəncləri" silsiləsindən görüş keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva xalqımıza qələbə sevincini yaşadan igidlərimiz haqqında məlumat vermiş, tədbirin qonaqlarını təqdim etmişdir.
2020-ci ilin payızı Azərbaycanın 30 illik həsrətinə son qoymaq üçün başlanan və 44 gündən sonra böyük Qarabağ zəfəri ilə yekunlaşan Vətən müharibəsi ilə tarixə keçdi. Bu böyük qələbənin üzərindən üç ildən bir qədər çox zaman keçməsinə baxmayaraq, xatirələri, təəssüratları hələ də danışılır, yazılır. Bu müharibənin bir özəlliyi də o oldu ki, burda cəmiyyətin bütün təbəqələri birləşdi, vahid yumruq kimi bir-birinə sarıldı. Şair, müəllim qələmini, rəssam fırçasını, musiqiçi musiqi alətini, müğənni mikrofonu, fəhlə, usta, müxtəlif peşə sahibləri əmək alətlərini atıb silah tutdular. O əllər qələbə əzmiylə aylarca silaha sarıldı. Onda hamısının bir adı vardı: Azərbaycan ordusunun qəhrəman döyüşçüsü! Qalib əsgər!
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində gənclərlə görüşə qalib əsgərlərimizin ikisi - Respublika və Beynəlxalq müsabiqələr laureatı, tarzən Fərid Atazadə və xanəndə Məbud Əhmədov gəlmişdir. Onlar keçdikləri döyüş yolundan, sənət uğurları haqqında danışdılar, tədbir iştirakçılarının suallarını cavablandırdı, musiqi nümunələri ifa etdilər.
Görüşdə gənc musiqiçilərin ifaları olan videogörüntülər, döyüşçü şəkilləri nümayiş olundu.
Tədbirlər
|
|