27 dekabr 2023
27 dekabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan Gənclər Fondu, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi, Türk Mədəniyyəti və İrsi Fondu və "İRƏLİ" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxıstanın "Turan" Etno-Folklor ansamblı və Azərbaycanın "Zəfər" qrupu ilə görüş keçirilmişdir.
Görüşdən əvvəl qonaqlar və tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə, xüsusilə də burada nümayiş olunan Azərbaycanın qədim musiqi alətləri ilə yaxından tanış olmuşlar.
Əsrlər boyu türk xalqları zəngin etnik mədəniyyətə sahib olmuş, onları ümumi dil, ortaq folklor nümunələri ilə bərabər, mahnı və melodiyalar da qırılmaz mənəvi tellərlə bağlamışdır. Türk xalqlarının ənənəvi musiqi mədəniyyəti - xalq yaradıcılığı və şifahi ənənəli peşəkar musiqi janrları, habelə milli çalğı alətləri olmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalova giriş sözü ilə tədbiri açmışdır. O, Azərbaycan xalqının qədim musiqi ənənələri, muzeydə qorunub nümayiş etdirilən qədim musiqi alətləri haqqında danışmışdır. Görüşdə "İrəli" İctimai Birliyinin layihər üzrə katibi Riad Cəbrayılov, Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova çıxış etmişlər.
"Turan" etno-folklor ansamblının üzvləri gənclərin suallarını cavablandırmış, ifa etdikləri qədim musiqi alətləri haqqında məlumat vermişlər.
Konsert proqramında 30 qədim musiqi alətlərində ifa etmə bacarığına sahib "Turan" etno-folklor ansamblının üzvləri Serik Nurmoldayev, Abzal Arıkbayev, Ərjiqit Əliyev, Bauırjan Bekmuxanbetov, Maksat Medubek və "Zəfər" muğam qrupunun solisti Nisbət Sədrayeva (xanəndə), Rüstəm Müslümov (tar), Elnur Salahov (kamança), Elnur Əliyev (nağara) ifalarında türk dünyasının zəngin musiqisi təqdim edilmişdir.
Tədbirlər
|
|