6 dekabr 2023
6 dekabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Azərbaycanın ilk qadın pianoçusu, ictimai xadim Xədicə Qayıbovanın 130 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova giriş sözü ilə tədbiri açdı. O, Azərbaycanın ilk qadın pianoçularından olan Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolu, onun musiqi mədəniyyətimizin inkişafında fəal iştirakı, maarifpərvər, pedaqoji fəaliyyəti haqqında çıxış etdi.
Tədbirdə "Ömür sonatası" sənədli filmi nümayiş olundu.
Azərbaycan Televiziyasının "Sabah" studiyası tərəfindən Xədicə Qayıbovanın 130 illik yubileyi münasibətilə "Ömür sonatası" sənədli filmi bu il geniş tamaşaçı auditoriyasına təqdim olunmuşdur. (Filmin rejissorları Namiq Ağayev, Anaxanım Abdullayeva, ideya müəllifi və prodüsseri Xalq artisti Ramiz Həsənoğludur).
Filmin nümayişindən əvvəl Xədicə Qayıbovanın rolunu ifa etmiş pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas Fortepiano kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı, filmin məsləhətçisi, Bakı Musiqi Akademiyasının prorektoru, professor, Xalq artisti Yeganə Axundova yaradıcılıq prosesi haqqında təəssüratlarını bölüşdülər.
Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri Nəzrin Məhərrəmli, Gülnar Qədirova, Fidan Muxtarova, Maya İsmayıllı, Beynəlxalq və Respublika müsabiqələri laureatları Kubra Həşimli, Rasimə Abdullayeva, Məryəm Məmmədovanın ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edildi.
Çıxışlar və musiqi ifaları Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolunu əks etdirən muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olundu.
Tədbirlər
|
|