27 sentyabr 2023
"Zəfərə doğru 44 gün"
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində şəhid ailələri və müharibə iştirakçılarının iştirakı ilə "27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü" münasibətilə "Zəfərə doğru 44 gün" adlı tədbir keçirilmişdir.
Torpaq uğrunda ölən varsa, vətəndir! Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Təəssüf ki, bu müharibə də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığı ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Anım tədbiri Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Azərbaycan Respublikasının Himninin ifası ilə başlamışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva dövlətçilik tariximizin ən şərəfli səhifələrindən olan II Qarabağ müharibəsi, Vətən müharibəsində döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlıqları haqqında çıxış etmişdir.
Daha sonra şəhid musiqiçi Tamerlan Mahmudovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş edildi, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri, Əməkdar incəsənət xadimi Əlibala Rzayev orkestrin tuba ifaçısı olmuş Tamerlan Mahmudov haqqında xatirələrini danışdı, orkestrin ifasında Tamerlan Mahmudovun iştirakı ilə dəfələrlə səsləndirilmiş əsərlərdən ibarət musiqi proqramı səsləndi, gənc musiqiçilər Respublika Muğam Müsabiqəsi laureatı, Beynəlxalq və Respublika Müsabiqələri laureatı, Milli Konservatoriyanın müəllim konsertmeysteri Sevinc Mirzəli (kamança), Beynəlxalq müsabiqə laureatı Əli Vahidov (f-no, vokal), Rəşad Əliyev (f-no), R.Hacıyev adına 15 saylı 11 illik Musiqi Məktəbinin X sinif şagirdi Əbdülqadir Əzizzadənin (f-no) ifalarında vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizə həsr olunmuş musiqi proqramı təqdim edildi. Musiqi proqramı şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş videoçarxla müşayiət olundu.
Tədbirlər
|
|