16 mart 2023
Vaqif Mustafazadə-83
Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək, dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etmişdir. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olmuşdur.
Vaqif Mustafazadə XX əsrin görkəmli caz pianoçularından biri və bəstəkar olmaqla yanaşı yaradıcılığı dövründə "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal-instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqəsi və festivallarının("Tallin-66", "Tbilisi-78", "Monte-Karlo") laureatı olmuşdur.
16 mart 2023-cü il tarixində səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və muzeyin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyinin əməkdaşları Vaqif Mustafazadənin məzarını ziyarət etdilər, saat 15:00-da isə Vaqif Mustafazadənin Ev Muzeyində bəstəkar, pianoçu, caz muğam üslubunun banisi, Əməkdar artist Vaqif Mustafazadənin anadan olmasının 83 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Vaqif Mustafazadənin Mənzil Muzeyinin müdiri Afaq Əliyeva çıxış edərək, caz əfsanəsi - Vaqif Mustafazadənin musiqi tariximizdəki əvəzsiz xidmətlərindən danışdılar.
Tədbir gənc istedadların ifasında Vaqif Mustafazadənin və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam etdi.
Tədbirlər
|