az | ru | en

22 dekabr 2022

Rauf Hacıyev - 100



22 dekabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Rauf Hacıyev – 100” adlı musiqi festivalı çərçivəsində görkəmli bəstəkar, tanınmış ictimai xadim, Azərbaycan və SSRİ-nin Xalq artisti Rauf Hacıyevin (15.05.1922-19.09.1995) anadan olmasının 100 illiyi münasibətilə bəstəkarın xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya keçirilmişdir.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin böyük məsləhəçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Turan Məmmədəliyeva Rauf Hacıyevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında çıxış etmişdir. Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur. Daha sonra diskussiyada Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi, musiqişünas və jurnalist Raya Abbasova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayeva, saksofon ifaçısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə Rauf Hacıyev haqqında bəstəkar, ictimai xadim və gözəl insan kimi xatirələri və məruzələri ilə çıxış etmişlər, bəstəkarın əsərlərindən ibarət videokadrlar nümayiş olunmuşdur. Tədbirə Niderlanddan onlayn qoşulmuş musiqişünas, jurnalist Natavan Hüseynova Rauf Hacıyevin yaradıcılığından söhbət açmış və “Azərbaycanda caz” kitabının təqdimatını etmişdir, həmin kitab Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olundu. Diskussiyada musiqişünas Fərizə Babayeva, caz ifaçısı Tünzalə Qəhrəman iştirak etmişdir.
Tədbirdə Rauf Hacıyevin ailə üzvləri iştirak edirdi. Sonda yaradıcılıq gecəsinə Finlyandiyadan onlayn qoşulmuş Natella Rauf qızı Hacıyeva ailəsi adından atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürünü bildirmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.