az | ru | en

24 noyabr 2022

FİKRƏT ƏMİROV – 100



24 noyabr 2022-ci il Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət Mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Görkəmli bəstəkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun
2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.
Görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunmuş tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açmışdır.
Azərbaycan Dövlət Film Fondu tərəfindən 2022-ci ildə yenidən bərpa olunmuş “Fikrət Əmirov” (1985) sənədli filminin təqdimatı keçirilmişdir. Film Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuşdur. Kinolentdə bəstəkarın ölümündən bir qədər əvvəl çəkilmiş kinoxronikadan, fotoşəkillərdən istifadə edilmişdir. Kino əsərinə "Sevil" operasından, "Min Bir Gecə" baletindən ayrı-ayrı səhnələr, Rəşid Behbudovun, Nəbi Xəzrinin, Tixon Xrennikovun xatirələri daxil edilmişdir. “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan həmin filmin rejissoru Əməkdar incəsənət xadimi Cahangir Zeynallıdır.
Təqdimatdan əvvəl Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyev, fiımin rejissoru, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı, operatoru, Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Rafiq Qəmbərov çıxış etmişdir. Filmə baxışdan sonra musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış etdi. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou nümayiş olunmuşdur.
Tədbir Respublika və Beynəlxalq müsabiqələr laureatları Cəmalə Abdinzadə, Əzizə Ağazadə (f-no), Hüseyn Nağıyev (kamança), Prezident təqaüdçüsü Toğrul Abdullayev (violin), Surə Rüfət (violin), Nərgiz Cabbarova, Fərid Atazadə (tar), Fərrux Haşımlı (kamança), Aygün Səfərzadə, Svetlana Əhmədova, Xədicə İsmixanova və başqaların ifalarında Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.
Sonda görkəmli bəstəkarın qızı Sevil Əmirova ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Tədbirdə görkəmli bəstəkarın ailə üzvləri, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədən irs şöbəsi, musiqi sektorunun müdiri Vüqar Hümbətov, Muzey və Daşınar Mədəni İrs Sektorunun müdiri Altun Mikayıllı, musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları və başqaları iştirak etmişlər.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.